30 Oktyabr 2024
Ölkə futbolu

Sxadadzenin “köpünü alaq” – YAZI

İnsan harınlayanda, güc sahibi olanda gözü ayağının altını görmür. Başa düşmür ki, bu şeylər çox az zaman içində alt-üst ola bilər.

Bunu “Neftçi” ilə oyunda məğlub olan Sxadadzeyə də şamil etmək olar.

Bügünkü oyundan sonra ikincilərin baş məşqçisi Sxadadze cənabları yenə ənənəsinə sadiq qalaraq mətbuat konfransına qatılmadı. Bu geridə qalan 6 turun son iki oyunu idi ki, Sxadadze sorğu-sualdan qaçmağı daha üstün tutdu.

Bir zamanlar haqlı olaraq “bankirlər”ə oynatdığı oyunla azarkeşlərdən alqış, mütəxəssilərdən tərif, jurnalistlərdən isə “toxunulmazlıq kartı” alan gürcü artıq həddini aşdı. Məhz bu hərəkətdən sonra mətbuat konfransında onu gözləyən jurnalistlərin sualları cibində qaldı. 

Məlum məsələdir ki, bu uğursuz nəticələrdən sonra çıxıb deməyə söz yoxdu. Bəlkə də var, ancaq deməkdənsə deməməyi üstün tutur. Artıq Sxadadzeli “İnter” hər kəs üçün “sirli qutu”du və burda cərəyan edən hadisələrdən kimsə agah deyil.

Onun üçün “İnter” artıq oxunub bitmiş kitab, dəfələrlə baxılmış serial idi. Qalmaq geriyə addım idi ki, bunu seçdi Sxadadze. Necə deyərlər “Kendi düşən ağlamaz”.

Artıq qələmlər Sxadadze üçün işə düşür. “Tərif yağışı”nda islanan gürcünün menyusuna tənqid də əlavə olunsa, bu “köp” verməz. “Olan-qalan köpünü də, alar”.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43