Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, AZAL səfərdə "Sumqayıt"la 1:1 bərabərə qalaraq, cari mövsümdə ilk qol və xalına sevinib.
"Kapital Bank Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov heç-heçəni belə şərh edib:
“İki fərqli hissə izlədik. İlk hissədə komandamı tanıya bilmədim. Amma ikinci hissədə əzmkarlıq vardı. Komanda ayıldı. Düşünürəm ki, bu oyunla vəziyyəti dəyişdik. Həm qol vurduq, həm də xal qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm. Ağır vəziyyətdə olmağımıza baxmayaraq, mübarizəni davam etdirirlər. “Sumqayıt”la oyuna qədər də yaxşı futbol sərgiləyirdik. Bu dəfə həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”.