29 Dekabr 2024
Kateqoriyasız

UEFA “Qəbələ”ni cəzalandıra bilər

Tiflisin “Dinamo” klubu dünən Avropa Liqasının “Qəbələ” ilə oyununda azərbaycanlı azarkeşlər tərəfindən açılan bannerə görə UEFA-ya şikayət etmək niyyətindədir.

İdmanxeber.com-un Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, Borçalının qədim Azərbaycan torpağı, Marneulinin adının əslində Sarvan olması ilə bağlı açılan bannerlər qarşı tərəfin narazılığına səbəb olub.

Qeyd edək ki, azərbaycanlı azarkeşlər bu addımı gürcü azarkeşlərin hələ ilk oyunda ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatçı şüarlarına cavab olaraq açıb. Bundan başqa, iddia olunur ki, Azərbaycan bayrağının Tiflisdə təhqir edilməsinə etiraz olaraq, dünənki matçda bəzi azarkeşlər Gürcüstanın dövlət bayrağını yandırıblar.

Qeyd edək ki, adətən, siyasi bannerlərin açıldığı oyunlardan sonra meydan sahibi olan kluba UEFA tərəfindən cəza verilir. Bu qərar çox vaxt stadionun diskvalifikasiyası və ya azarkeşlərin tribunalara buraxılmamasını əhatə edir. İndiki halda, qitənin futbol qurumunun “Qəbələ”nin Avroliqanın ikinci mərhələsində ev oyununu azarkeşsiz keçirəcəyi və ya matçın Azərbaycanın başqa şəhərinə salınacağı haqda qərar verəcəyi istisna edilmir.

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov məsələ ilə əlaqədar azersiport.com saytına bildirib ki, stadionda sözügedən bannerlərin açılması faktı onları narahat edir.

“Mən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşərək günahkarların tapılmasını xahiş etmişəm. Belə təxribatlara yol vermək olmaz. Biz “Dinamo” rəhbərliyi ilə onların UEFA-ya şikayət etmək istəyilə əlaqədar danışıqlar aparacağıq. Bu məsələdə bizim klubun günahı yoxdur. Bu bannerləri stadiona “Qəbələ” fan-klubunun azarkeşləri gətirməyib. Biz həmin adamların tapılması və cəzalandırılmasında maraqlıyıq. Biz başqa ölkələrin dövlət və klublarının rəmzlərinə hötmət tələb edirik. Eyni zamanda bunu digərlərindən özümüzə qarşı münasibətdə də istəyirik. Nə baş verməsindən asılı olmayaraq, başqa ölkələrin dövlət rəmzlərinə hörmət etməliyik. İlk matçda baş verən təxribatlar Gürcüstan xalqının fikrini əks etdirmir” – deyə F.Nəcəfov bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43