21 Dekabr 2024
Kateqoriyasız

“Ümidvaram ki, Nurlan İbrahimovla bağlı düzgün və daha yumşaq qərar çıxarılacaq”

“Ümidvaram ki, Nurlan İbrahimovla bağlı düzgün və daha yumşaq qərar çıxarılacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş meneceri Asif Əsgərov klubun keçmiş mətbuat katibi barədə UEFA-nın çıxardığı ömürlük futboldan uzaqlaşdırma cəzası barədə danışarkən deyib.

Əsgərov bildirib ki, hazırda məsələyə İdman Arbitraj Məhkəməsində (CAS) baxılır.

O, İbrahimovu 15 yaşından tanıdığını xatırladıb: “İstənilən şəxsi ittiham etmək olar. Amma özünüzü küçədə futbol oynadığı vaxt bomba ilə tikələrə bölünmüş 7 yaşlı uşağın yerinə qoymağa çalışın. Mən Nurlanı heç vaxt belə görməmişəm. Həmin yazısı müharibə barədə emosional səhvi idi. İki qız atası kimi o, ermənilərin Tərtəri bombalamasından qəzəblənmişdi. Hirsi soyuduqdan sonra isə yazısını silmişdi. Hesab edirəm ki, o, səhvə yol vermişdi. Lakin futboldan ömürlük kənarlaşdırılmağa layiq olmadığı üçün əsaslar kifayət qədərdir. Nurlan heç kimi öldürə bilməz”.

“Qarabağ” rəsmisinin sözlərinə görə, özü əslən Zəngəzurdan olmasına və dədə-babalarının oradan qovulmalarına baxmayaraq, Azərbaycan sülhsevər ölkə kimi heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməyib: “Azərbaycan çoxmillətli ölkədir, burada ləzgilər, talışlar, avarlar, kürdlər, slavyanlar və s. yaşayır. 44 günlük müharibə zamanı bütün etnik qruplar işğal olunmuş ərazilərimizi işğalçılardan azad etməyə çalışdılar. Biz 30 ildir dözən çox sülhsevər ölkəyik. Bir daha deyirəm: Azərbaycan həmişə sülhün tərəfində olub. Lakin biz günahsız insanların ölümlərini heç vaxt bağışlamamışıq və bununla barışmayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43