Çempionatın ilk həftəsi uğurlu nəticələrlə yanaşı “Xəzər Lənkəran”ın bir sıra futbolçusu üçün əlamətdar faktlarla yadda qalıb.
Lənkəranda yeni futbol mövsümü şənbə günü əvəzedici heyətlərin oyunu ilə başladı. “İnter”in əvəzedicilərinə 0:2 hesabı ilə məğlub olan Elbrus Məmmədovun yetirmələri toparlanaraq yekunda 3:2 hesablı qələbəni bayram etdi. Maraqlı fakltlardan biri o oldu ki, həmin matçda komandamızın heyətində 4-ü start heyətində olmaqla 5 nəfər 1999-cu il təvəllüdlü futbolçu iştirak etdi. Bunlardan Yusif Həsənov, İbrahim Qədirzadə və Şamxal Sadiqov ötən mövsüm əvəzedici heyətdə çıxış etmişdilərsə, yenicə peşəkar müqavilələrə imza atmış Kamal Dənziyev və Kənan Həsənov debüt matçlarına çıxdılar.
Elə qələbənin qazanılmasında da 16 yaşlı yetirmələr böyük rol oynadı. İki il öncə akademiyanın skautları tərəfindən Astarada aşkar olunub komandaya cəlb olunan hücumçu Kamal Dənziyev komandanın ilk qolunu vurmaqla hesab arasındakı fərqi azaltdı. Bir qədər sonra məhz Kamala qarşı qayda pozuntusuna görə təyin olunan penaltini kapitan Zaman Mirzəzadə qola çevirdi. Son dəqiqələrdə isə Kamal həmyaşıdı İbrahim Qədirzadəyə etdiyi qol ötürməsi ilə qələbəyə yekun tövhəsini verdi.
Bu arada, İbrahim Qədirzadə üçün sözügedən matç onun əvəzedici heyətdə vurduğu ilk qolla yaddaşda qaldı. U-16 və U-17 liqalarında bu tip uzaqda zərbələrlə vaxtaşırı fərqlənən yarımmüdafiəçi, artıq burada da qol hesabını açdı.
Bazar günü baş tutan əsas komandanın oyunu da 3 futbolçunun debütü ilə yadda qaldı. Ötən ilin əvvəlində komandaya cəlb olunan, amma heyətdə çıxış etmək imkanı əldə etməyən və bu yay icarədə qayıdanOrxan Əliyev start heyətində meydana çıxdı və yaxşı təəssürat bağışlaya bildi. Əvəzedicilərin kapitanı Zaman Mirzəzadədə əsas komandanın heyətində ilk oyununa çıxdı. Müdafiədə görməyə adət etdiyimiz 20 yaşlı yetirməmiz baş məşqçinin göstərişi əsasında mərkəz hücumçusu mövqeyində çıxış etdi. Son dəqiqələrdə isə daha bir debüt baş tutdu – 19 yaşlı Fərid Əsədov meydana daxil oldu.