26 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”ın əfsanəvi futbolçusu: “Super Kubok Lənkərana gedəcək”

Azərbaycan millisinin sabiq hücumçusu Zaur Razamanov bu dəfəki  müsahibəsində yığmanın Rusiya ilə görüşündən, Berti Foqtsun müqaviləsindən danışıb.

– Milli son 2 oyunda 4 xal toplamaqla rekorda imza atdı. Yəqin Şimali İrlandiya və Rusiya ilə görüşləri izləmisiz?

– Yığmamız Şimali İrlandiya ilə yaxşı oynadı. 2:0 hesablı qələbə layiqli uğur oldu. Futbolçularımız yaradılan vəziyyətləri maksimum dəyərləndirdi. 2 oyuna qazanılan 4 xalı şişirtmək istəmirəm. Azərbaycan millisi hər seçmə mərhələdə bir komandaya qalib gəlir. Bizim Portuqaliya ilə heç-heçəmiz olub, Finlandiya üzərində qələbəmiz var. Seçmə mərhələnin sonu futbolçular həmişə daha yaxşı oynayır. Niyə əvvəldən belə oynamırlar?

– Rusiya ilə oyun haqda nə deyə bilərsiz?

– Heç-heçəyə görə Azərbaycan millisini təbrik edirəm. Amma deməliyəm ki, Rusiya həmin oyunda maksimum güc sərf etmədi. Komandamızın bəxti gətirdi. Son dəqiqələrdə vurulan qol həmişə bəxtlə bağlı olur. Ruslara dünya çempionatına çıxmaq üçün 1 xal bəs edirdi, ona görə özlərini yormadılar. 4 il əvvəl də Rusiyaya nəticə lazım deyildi. Onda da Hiddinkin rəhbərliyi altında bizə 1 xal bağışladılar.

– Hər halda qazanılan 9 xal futbol tariximizdə rekord göstəricidi…

– 9 xal yaxşı nəticədi. Amma oyun baxımından hələ çox işləmək lazımdı. Futbolçularımız əzmkarlıq sayəsində uğur qazanırlar. Oyun cəhətdən artım hiss olunmur. Sözlərim heç kimin xətrinə dəyməsin. Millinin uğuru hər birimizi sevindirir.

– Aleksandr Səmədova qarşı azarkeşlərin təzyiqini necə qiymətləndirirsiz?

– Səmədovun anası rus, atası azərbaycanlıdı. Rusiya yığmasını seçməsəydi belə, biz onunla fəxr etməliyik. Məsut Özülin anası və atası da türkdü. Belə çıxır indi türklər onu öldürməlidi? Bu futboldu, hər kəs seçimində azaddı. Üstəlik unutmayaq ki, Səmədov rus futbol məktəbinin yetirməsidi. O heç azərbaycan dilini bilmir. Moskvada olan zaman bir dəfə görüşmüşəm onunla. Ortaq tanışlar bizi görüşdürüb. Onda da gördüm ki, azərbaycan dilini bilmir. Onun Rusiya millisini seçməsinə normal yanaşmaq lazımdı.

– Berti Foqtsun müqaviləsi başa çatır. Sizcə, o, getməlidi və ya qalmalıdı?

– İndiki halda qalsa yaxşıdı. 6 il işlədi, amma hiss olunur ki, yalnız indi futbolumuzu başa düşüb. Qoy işləsin. Artıq mentalitetə bələddi və uğur qazana bilər. Digər tərəfdən, vədini yerinə yetirsin. Millini AÇ-2016-ya çıxaracağını demişdi. İşini davam etdirsin və sözünə əməl etsin.

– Yığma üzvlərinə verilən mükafatlar barədə nə deyə bilərsiz?

– Milli üzvlərinə verilən mükafatlar halal olsun. Bu barədə nəsə demək çətindi. Mətbuatdan öyrəndim ki, 2 oyuna 160 min manat qazanıblar. Lap yaxşı. Əgər federasiyanın pulu varsa, qoy versin. Bu işə heç kim qarışa bilməz. Amma bilsəydim futbolda bu qədər pul olacaq karyeramı 1-2 il də uzadardım (gülür).

– Sonda Super Kubokla bağlı fikriniz maraqlıdı. Naxçıvandakı oyunda kimi favorit görürsüz?

– Naxçıvanda şərait hamı üçün eynidi. Ona görə favorit yoxdu. “Xəzər Lənkəran”ın qələbəsinə inanıram. Çempionluqda və kubokda uduzdular. Heç olmasa Super Kuboku qazanmağa borcludular. Super Kubok Lənkərana gedəcək.

azerisport

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43