Ötən həftə “Xəzər Lənkəran”ın yaranmasının 10 illiyi ilə əlaqədar yazı hazırlamaq üçün Lənkərana gedəndə uzun müddət bu klubda sıravi işçi kimi çalışan bir neçə nəfər ilə görüşməyi nəzərdə tutmuşdum. Onlardan biri də Əvəz dayı idi. Ötən sayımızda “Xəzər Lənkəran”ın sadiq azarkeşi Arif Qurbanovla bağlı yazını oxuculara təqdim etmişdim. Düzü, əvvəl həm Qurbanovla həm də Əvəz dayı ilə müsahibələri bir yazıda birləşdirmək istəsəm də, sonradan bir–birilərinə “yamaq” olacağından çəkinərək ayrı–ayrı hazırlamaq qərarına gəldim. Əvəz Mirzəbəyovu təqdim etmədim – klubun sürücüsüdür. 1959-cu ildə anadan olub. “Xəzər Lənkəran” yaranan gündən bu klubda işləyir. Onunla söhbət gözlədiyimdən də maraqlı alındı. Danışmağı xoşlamayan bu insandan nəyi isə qoparmaq özü böyük bir iş idi. Zarafat deyil, indiyə kimi çox həmkarlarım ondan müsahibə götürmək istəyiblər, amma razı olmayıb. Mənə gəlincə isə, heç özüm də bilmədim “saqqızını necə oğurladım”. Əvəz dayı ilə 10 il əvvəli yada salırıq, klubda işə düzəldiyi vaxtları:
– 34 illik stajım var. Bakıda avtovağzalda avtobus sürücüsü işləyirdim. 2004-cü ildə komanda yarananda Sumqayıtda məskunlaşmışdılar. Onda klubun avtobusu olmadığından harasa getmək üçün sifarişlə kimisə çağırırdılar. Bir dəfə tanış uşaqlar mənə bu işi təklif etdilər. Klubdan kimsə həmin uşaqlara təcrübəli, başıaşağı sürücü lazım olduğunu demişdi. Razılaşdım. Bir qədər sonra “Hyunday” aldılar. Elə o vaxtdan buradayam. İndi sürdüyüm avtobus sayca üçüncüdür.
– Deyəsən, maşına yaxşı baxırsınız.
– Çörəyim buradan çıxır, baxmalıyam da. Təmirlə bağlı nə lazımdırsa, klub eləyir. Mənə qalır adi şeyləri nəzarətdə saxlamaq.
– Komanda ilə ilk səfərininz yadınızdadır?
– May ayında Qubaya toplaşa getmişdik. Onda baş məşqçi Nazim Süleymanov idi.
– Söhbətiniz tuturdu? Adətən, məşqçilər sürücüyə ən yaxın yerdə əyləşirlər.
– Nazimlə hə. Məşqçilərdən hamısını xatırlayıram – Ağasəlim Mircavadov, Yunis Hüseynov, Rasim Kara… Xasiyyətimə bələd olduqlarından mənimlə işləri yox idi, çox sual vermirdilər. Ağasəlim müəllim hərdən oyundan sonra sataşırdı ki, bir az bərk sür, evə tez çataq. Bilirdi ki, nə olsa da sürət həddini keçməyəcəm. Məni hirsləndirmək istəyirdi.
– Deyirlər, futbolçular yaxşı yol yoldaşı olur. Hansı daha yaxşı həmsöhbət idi?
– Alim Qurbanov, Kamran Ağayev çox vaxt gəlib yanımda oturardı. Onlarla vaxt tez keçirdi.
– Maraqlıdır, nədən söhbət edirdiniz?
– Yolda nədən danışarlar? Hər şeydən. Danışmağa o qədər mövzu olur ki.
– Əcnəbilərdən hansı daha çox
yadınızda qalıb?
– Belə baxanda pis uşaqlara oxşamırlar. Avtobusun arxa qapısından minib, elə oradan da düşürlər. Çoxlarının adlarını hələ indiyə kimi də bilmirəm.
– Hansısa futbolçu komandadan gedəndə heyfslənibsiniz?
– Əcnəbilərdən heç biri. Bizimkilərdən Alim Qurbanov, Kamran Abdullayev, Elnur Abdullayev… Yaxşı uşaqlar idi.
Bu arada söhbətə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu qoşulur. Hüseyn ilk dəfə Əvəz dayı ilə ilk səfərindən danışır: “Adama elə gəlirdi ki, avtobus “uçur”. Çox sürətlə gedirdi. Bir də o vaxt ayıldım ki, həyəcandan 6 butılka su boşaltmışam. Sonradan alışdım. Azərbaycanda Əvəz dayı kimi etibarlı sürücü hələ ki rastıma çıxmayıb”.
– Hüseyn deyir ki, etibarlısınız. Olub ki, yolda hansısa qəzaya uğrayıbsınız?
– Şükür Allaha, indiyə kimi belə bir hal olmayıb. Bircə dəfə Biləsuvarın çıxışında avtobusun arxa təkəri partlayıb. Onu da məndən başqa heç kimi hiss eləməyib.
– Gününüzün çox yollarda keçir. Başınıza gələn bir maraqlı hadisə danışardınız. Amma deməyin ki, olmayıb.
– Hər dəfə Lənkərana gələndə yolüstü Salyanda dayanırıq. Uşaqlar çay içirlər, bir qədər havalarını dəyişirlər. Bir dəfə yenicə yola düzəlmişdim ki, baxdım arxadan bir maşın işıqlarını “marqatlayır”. Yol verirəm, əl çəkmir. Axırda sağa verib saxladım ki, görüm bu nə istəyir. Birdən həmin maşından Emin Quliyev düşdü. Demə, yaddan çıxıb Salyanda qalıb. Yanında oturan da heç fikir veməyib.
– Elə hal olubmu ki, futbolçu özünü pis aparıb və ürəyinizdən onu avtobusdan düşürmək keçib?
– Mənim onlarla nə işim var? Hərdən olub. Amma özlərinə yox, məşqçiyə demişəm ki, bir az sakit olsunlar, fikrimi yayındırırlar.
– Yaxşı, futbolçular çox pintidilər?
– “Qara”lar çox pintidilər. Bizimkilər heyf deyil?
– Düşəndən sonra sizə nə “hədiyyə” saxlayanlar?
– Almanı, bananı dişləyib saxlanc yerinə qoyurlar. Şirəsini özüm təmizləyirəm. Bir də baxırsan ki, saqqızı harasa yapışdırıblar. Məcbüram 2-3 gün gözləyim ki, qurusun. Saqqız quruyanda təmizləmək daha rahat olur.
– Qələbədən və ya məğlubiyyətdən sonra avtobusda əhval–ruhiyyə necə olur?
– Udanda kefləri kök olur. Deyib–gülürlər, zarafatlaşırlar. Uduzanda isə səsləri çıxmır. Hamısı başını atıb yatır.
– Mustafa Dənizli necə yol yodaşıdır?
– Yaxşıdı. Amma məni qayda pozmağa çox vadar edir. Bir yerə gedəndə həmişə tələsdirir. İstər–istəməz xırda “naruşeniya” edirəm. Amma “qırmızı”da keçmək, “protiv” getmək mənlik deyil.
– Komandanın oyunlarına baxırsınız, yoxsa avtobusda gözləmək daha yaxşıdır?
– Niyə baxmıram? Səfərlərdə avtobusu elə yerdə saxlayıram ki, həm gözüm üstündə olsun, həm də oyunu izləyim. Birdən nəsə eləyərlər axı.
– İndiyə kimi nəsə eləyiblər?
– “Neftçi” ilə oyundan sonra həmişə. “Neftçi”nin azarkeşləri hər dəfə avtobusu daşlayırlar. Ay balam, dəmir parçasının nə günahı var, acığınızı başqa şeydən çıxa bilmirsiniz? Axırıncı dəfə şüşəsini sındırmışdılar. Hər dəfə onlarla oyundan sonra nəyisə düzəltdirirəm.
– Əvəz dayı, sizcə “Xəzər Lənkəran” niyə bu günə düşüb?
– Nə deyim vallah, mən onların işinə qarışmıram. Yəqin ki, yaxşı oynamırlar, ona görə. Yoxsa. Nəyimiz əskikdi. Şükür Allaha şər şeyimiz var.
– Bəs, neyləmək lazımdır ki, yaxşı oynasınlar?
– Elə sual verirsən ki, cavab tapmaqda çətinlik çəkirəm. Yaxşı oynamaq üçün əsas kollektivdə mehribançılıq olmalıdır. “Xəzər Lənkəran”da da bu, həmişə olub. Əsas odur ki, futbolçular məşqçiyə, məşqçi də futbolçuya güvənsin. Həmişə udmaq olmaz ki, düzələr.
– Nə vaxtsa işdən çıxmağı fikirləşibsiniz?
– Yox. Burada hər şey məni qane edir