Avqustun 25-də keçirilən «Xəzər Lənkəran» – «Neftçi» oyunundan sonra həbs olunan günahsız azarkeşlərin azadlığa çıxmaq şansı demək olar ki, yoxdu. Həbs olunan azarkeşlər ancaq mətbuatın yadına düşəndən-düşənə xatırlanırlar. Nə «Neftçi», nə də «Xəzər Lənkəran» rəhbərliyi onların müdafiəsiylə maraqlanır. Baxmayaraq ki, hər dəfə onlardan bu haqda soruşanda «maraqlanırıq» deyib, gopa basırlar. Sadıq Sadıqov, Mais Mənsimov azarkeşlərin taleyiylə maraqlansaydı, onlar dərhal azad olunardılar. Göydən Azərbaycana zənbillə düşənlər də «qanun-manun» deyib, baş-beynimizi aparmasınlar.
«Neftçi»nin futbolçusu Araz Abdullayev maşınla bir nəfəri öldürəndə, bir nəfəri də ölümcül yaralayanda Sadıq Sadıqov özünü dərhal polis idarəsinə yetirdi. Külli miqdarda vəsaiti girov qoyması bir yana, özü zamin duraraq, Arazın bir dəqiqə də həbsdə qalmamasına nail oldu.
O vaxt Sadıq Sadıqov «yaxşı adam» kimi təbliğ olundu mətbuatda. Hamı «sağ olsun, klub prezidenti belə olar, futbolçusuna sahib çıxdı, onun həbs olunmasına imkan vermədi» deyirdi. O vaxt Hacı Sadıq Sadıqov yaxşı adam idi. Futbolçusunun qudurğanlıqdan törətdiyi cinayətin üstünü ört-basdır etmişdi axı. Hacı nəyin hesabına pulla qan batırmışdı? Bunun artıq məsələyə dəxli yoxdu. Əsas odu ki, Sadıq Sadıqov qudurğan futbolçunu qoruyarkən «yaxşı adam» idi. «Böyük oyun»da həbs olunan «Xəzər Lənkəran» azarkeşlərini demirəm, «Neftçi»ni dəstəkləmək üçün Lənkərana gedən Zaur Ərəbovun günahı nə idi? Onun «cinayət»i Araz Abdullayevin törətdiyi qətliamdan daha böyük idi ki, «Neftçi»nin prezidenti Sadıq Sadıqov Zaurun azadlığa çıxması üçün girov qoymadı, zamin durmadı? Qudurğanlıqdan qəza törədən futbolçuya sahib çıxmaq, günahsız yerə həbs olunan azarkeşi taleyin ümidinə buraxmaq… «Yaxşı adam» olmağın anatomiyası buymuş…
«Komanda» qəzeti «futbolçusuna sahib çıxan klub prezidenti azarkeşinə eyni münasibəti niyə göstərmədi» sualı ilə həmkarlarımıza müraciət edib. Müxtəlif fikirlər söyləyiblər həmkarlarımız. Amma bu işin düyünü yenə də açılmayıb. Azarkeşlərin həbs olunmasının əsl səbəbi budu: Lənkəranda təxribat olmuşdu. Bu təxribatı isə «Neftçi» və «Xəzər Lənkəran» rəhbərliyinin ya məsuliyyətsizliyi, ya da bilərəkdən atdıqları addımlar şərtləndirmişdi. Bu təxribatın detalları haqda «Komanda» qəzetində dərc olunan «Təxribat» yazısında məlumat vermişdik. Təxribat olmuşdusa, kimsə həbs olunmalıydı. Amma təxribatı törədən «Neftçi» və «Xəzər Lənkəran» rəhbərliyində təmsil olunanlar həbs olunmayacaqdı ki… Bax, günahsız azarkeşlərin həbs olunmasının sirri bu qədər açıqdı. Onlar «Neftçi» və «Xəzər Lənkəran» rəhbərliyinin əvəzinə oturublar həbsxanada.
İndi deyirsiz ki, «yaxşı adam» Sadıq Sadıqov, Mais Mənsimov azarkeşləri həbsdən qurtarıb özləri otursun onların yerində? Ya da Tahir Süleymanovu, Tuyqun Nadirovu basdırsınlar dəmir barmaqlıqlar arxasına? Buna xalq nə deyər, buna Allah, peyğəmbər, imamlar nə deyər? Heç insafdı ki, belə vəzifəli, varlı-hallı «yaxşı adamlar» həbsxanada otursunlar, günahsız kasıb-kusub da azadlıqda kef etsin? Bəs bu «yaxşı adamlar» həbsdə olsalar, qudurğanlıqdan qəza törədən futbolçuları həbsdən kim xilas edəcək? Mətbuata təklif edirəm ki, buraxın bu söhbətin başını. O azarkeşlər haqqına yatırlar həbsxanada. Kasıb, günahsız, sadə azarkeş olmaları bunu diqtə edir.
Göydən Azərbaycana zənbillə düşənlər, gedin balalarınıza «yaxşı adam»ın nağılını danışın.
Natiq Muxtarlı