Azərbaycan Premyer Liqasının XIV turunun “Zirə” ilə oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun 200-cü qarşılaşması olub.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, məşqçilik karyerasında 3 klubda çalışan mütəxəssis Premyer Liqa oyunlarında “Karvan”ı 152, “Standard”ı 13, “Xəzər Lənkəran”ı 35 qarşılaşmaya çıxarıb.
Bu görüşlərdə onun futbolçuları 78 qələbə qazanıb, 52 heç-heçə edib və 70 dəfə uduzub. Onun rəhbərlik etdiyi komandalar 261 qol vurub, 206-nı buraxıb. Hüseynov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 9-cu baş məşqçidir. Onlardan ikisi – mütləq rekordun sahibi Qəhrəman Əliyev (381) və çempionatın ən titullu məşqçisi Ağasəlim Mircavadov (343) 300-ü də arxada qoyub. Kazbek Tuayev, Mehman Allahverdiyev, Əsgər Abdullayev, Vaqif Sadıqov, Qurban Qurbanov, həmçinin legioner məşqçilər arasında rekordçu olan Kaxaber Sxadadze də Premyer Liqada 200-də çox matça “sükan arxasında” olublar.