İdman Araşdırmalar Mərkəzi və Etopaz-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçiriləcək mini-futbol üzrə Zəfər Kubokunun bütün iştirakçıları müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, mayın 4-də start götürəcək turnirə 12 komanda qatılacaq. İştirakçılar arasında Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi qazilərindən ibarət “Veteranlar”, mərhum jurnalist Elnur Əşrəfoğlunun uzun müddət çalışdığı AzTV-nin (“İdman” TV) hazırkı əməkdaşlarından ibarət kollektiv,, onun jurnalist dostlarının yer aldığı “Elnurun komandası”, media turnirlərində özünün də oynadığı “Bakı” da var. “Elnurun dostları” komandasında E.Əşrəfoğlunun qardaşı Rəşad Şükürov da çıxış edəcək.
Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov isə “Report” komandasında oynayacaq.
Bundan başqa, ARB telekanalı, “Teleqraf Holdinq”, “Futbol+” qəzeti, “İctimai-siyasi jurnalistlər”, Azərbaycan İdman Jurnalistləri Federasiyasının 2021-ci ildə təşkil etdiyi “Qarabağ Azərbaycandır!” turnirində mübarizə aparmış “Xəzər”, “Şuşa” və “Kəlbəcər” komandaları da Zəfər Kubokunun iştirakçıları arasındadır.
Aprelin 22-də “Report” agentliyinin ofisində keçiriləcək püşkatma mərasimi saat 15:00-da başlayacaq. Tədbirə Zəfər Kubokunun Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələri qatılacaqlar.
Püşk nəticəsində iştirakçı komandalara “Ağdam”, “Cəbrayıl”, “Füzuli”, “Xankəndi”, “Xocalı”, “Xocavənd”, “Kəlbəcər”, “Qubadlı”, “Laçın”, “Suqovuşan”, “Zəngilan” və “Şuşa” adları veriləcək.
Daha sonra onlar hər birində 3 komanda olmaqla, 4 qrupa bölünəcəklər. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə iyunun 19-da keçiriləcək final matçında iştirak edəcəklər.
Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı Etopaz-ın baş sponsorluğu ilə keçiriləcək.