Kateqoriyasız

“Əlincə”dən sərt reaksiya: “Bu uşaqlar necə davransınlar ki, yerli-yersiz tənqidlə üzləşməsinlər?”

Mətbuatda "Əlincə" futbol məktəbi ilə bağlı yayılan xəbərlərə klubdan münasibət gəlib.

"Əlincə"nin mətbuat xidmətinin rəhbəri Mirələm Həsənli İdmanxeber.com-a açıqlamasında klubla bağlı yazılanlara sərt reaksiya bildirib:

"Əvvəla yazının başlığında yazılıb ki, "Əlincə"də uşaqlara nə öyrədirlər, futbol yoxsa səcdə? Belə görürəm ki, yazını yazan şəxsin heç xəbəri də yoxdu ki, səcdə halında şəkilləri çəkilmiş 13 yaşlı balaca futbolçularımız çıxış etdikləri çempionatda hansı mövqedə qərarlaşıblar. Ona görə də, xahiş edərdim ki, yazı yazmazdan əvvəl heç olmasa komandamızın turnir cədvəlindəki  yerinə baxardılar. Ən azından uşaq futboluna qayğıdan, diqqətdən danışırlar..Nəzərinizə çatdırım ki, 1-ci pillədə qərarlaşan balacalarımız ən yaxın rəqibi olan "Qəbələ"ni 15 xal qabaqlayırlar. Məncə elə bu fakt kifayət edər öyrədilənin futbol yoxsa səcdə olduğu. Uşaqların rəhbərliyin göstərişi ilə səcdəyə getdiyini iddia etmək isə tamamilə fantaziya məhsuludur. İllərin qazandırdığı təcrübəyə rəğmən jurnalist həmkarımızın klub rəhbərliyinin sırf bu işlərlə məşğul olduğunu düşünməsi acı təəssüf doğurur.  Bu uşaqların indi elə yaşlarıdır ki, onlarda dinin buyruqlarını icra etmək yox, pərəstiş etdikləri ulduz futbolçulara təqlid etmək həvəsi daha çoxdur. Hətta ola bilər ki, o uşaqlar sırf öz çempionatımızda, yaxud xarici ölkə çempionatlarında oynayan futbolçuların qoldan sonra şükür səcdəsinə getdiklərini görüblər və indi onlara "özənərək" səcdəyə gediblər. Burada biz uşaqların sağlamlığı ilə məşğul oluruq, mənəvi sağlamlıqlarına görə isə valideynləri daha çox mükəlləfdirlər, klubumuz yox. Biz heç bir uşağa namaz zərurəti qoymamışıq, bu, uşaqların öz seçimidir, dində məcburiyyət zatən yoxdur. Bir də ki, futbolçu içki içir, fotosunu veririk, tənqid edirik, qəlyan çəkir, fotosunu veririk, tənqid edirik, səcdə edir, yenə tənqid edirik. İndi bu uşaqlar necə davransınlar ki, yerli-yersiz tənqidlə üzləşməsinlər? Axı bu uşaqlar indi həm futbolçu, həm də şəxsiyyət kimi yetişməli olduqları yaşdadırlar. Və sonda demək istərdim ki, bu balacaların indidən Allaha şükür etməyi dərk etməsində heç bir qəbahət yoxdu, uşaq futbolundakı digər çirkinlikləri araşdırıb yazsalar futbolumuz üçün daha xeyirli olar".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43