Ölkə futbolu

Ayxan Abbasov: “Bölgələrdə çalışmaq asan deyil, təzyiq çoxdur”

“Üzücü məğlubiyət oldu. Oyun baxımından 90 dəqiqə üstün oynadıq. Həm birinci, həm də ikinci hissədə fərdi səhvlərdən rəqib önə keçdi. Çoxlu qol imkanlarımız oldu. Uduzduğumuz son 3 oyunu götürsək heç birində rəqib oyun baxımından bizdən üstün olmayıb”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Zirə” məğlubiyyəti (1:2) sonrası deyib. O, daha sonra belə davam edib:

“Bərabər mübarizə olsa da, üstünlük rəqibdə olmayıb. Fərdi keyfiyyətlər öz sözünü dedi. Çempionatın sonudur. Oyunlar stresli keçir. Son oyunlarda aldığımız qırmızı vərəqələr bizi pis vəziyətə qoyur. Bunlar olmamalıdır. Görünür ki, futbolçular bu yükün altında səhv qərarlar verirlər. Bu il qarşımıza qoyulan məqsəd möhkəmlənmək, hər bir rəqibə qarşı döyüşkən, çəkinmədən futbol oynamaq idi. Bacardığımız qədər yuxarı pillələrdə olmaq idi. 4-5 tur qalmış iddiamız davam edirdi. “Sumqayıt” ilə oyundan sonra şansımız çox azaldı. Amma bəlkə də o oyunda itkilərimiz olmasa idi, heyətimiz tam olsa idi sona qədər mübarizənin içində olardıq. Səbrli olmalıyıq. Oyundan sonra danışmaq asandır. Klub olaraq bir yola çıxmışıq. Bölgələrdə çalışmaq asan deyil, təzyiq çoxdur.

Bunun öhtəsindən gəlmək lazımdır. Komanda 9-10 oyun məğlub olmayanda necə yaxşı idisə, məğlub olanda da bu iradlar olacaq. Çempionatın son oyunlarında maksimum xallar yığmağa çalışacağıq ki, ən azı 1 pillə irəli qalxaq. Bu da bizim üçün motivasiyadır. Bu gün futbolçular istədiyimiz futbolu sərgiləməyə çalışırlar. Bəzi mövqelər var ki, il boyu çətinlik çəkirdik. Ümumən qarşımıza qoyulan məqsədlərdən biri ötən mövsümdən daha inamlı, daha istəkli, daha mübarizəli, heç bir rəqibdən çəkinməyən bir komanda olmaq idi. Bu gün heç kim deyə bilməz ki, hansısa rəqibdən çəkinmişik. Fərdi səhvlər bu il bizə baha başa gəldi. Rəhbərliyə verdiyim sözün arxasındayam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43