İdman

Azərbaycanın voleybol millisi Sloveniyaya yollandı

Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.

İdmanxeber.az-ın məlumatına görə, komanda təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.

Faiq Qarayevin baş məşqçi olduğu yığma səfərə yekun heyətlə yollanıb. Milli burada bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Qızıl Avropa Liqasının matçları üçün Xorvatiyaya gedəcəklər.

Yığma bu turnirdə ilk oyununu mayın 17-də məhz meydan sahiblərinə qarşı keçirəcək.

Qeyd edək ki, yeni formatda təşkil ediləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43