Kateqoriyasız

Azərbaycanın mərc oyunları bazarında 300 milyon manat dövr edir

Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsi təqribən 300 milyon manat təşkil edir.

İdmanxeber.com  “Trend”ə istinadən xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət komitəsində “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2013-cü il yanvarın 1-dən fiziki şəxslərin mərc oyunlarından uduşlar vergidən azaddı: “Nəticədə bu, ötən il ərzində idman mərc oyunlarının inkişafına xidmət edib. Buna görə də idman mərc oyunlarından əldə edilən uduşların vergiyə cəlb edilməsi zərurəti yarandı. İndiki iqtisadi vəziyyəti nəzərə alsaq, bu məqsədəuyğundu”.

Vergi qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, 2016-cı ildən Azərbaycanda idman totalizatorları iştirakçılarının uduşlarından onun məbləğinin 10 faizi həcmində gəlir vergisi tutulacaq. Bu dəyişiklik qeyri rezidentlərə də şamil edilcək.

Bununla yanaşı, idman totalizatorları iştirakçılarının uduşları 2016-cı ildən etibarən muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir kimi təsnif ediləcək. İdman totalizatorlarında qaliblərə uduşlar verən şəxslər vergi agentləri – ödəniş mənbəyindən vergi tutmalı olan şəxs kimi təsnif ediləcək.

Onlar vergi daxilolmasını dövlət büdcəsinə ödəməli və növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim etməlidirlər.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43