Kateqoriyasız

«Bakı» da ölüb qurtarsaydı…

«Adamın adı çıxınca, canı çıxsa yaxşıdı» məsəli Azərbaycan futbolunun boyuna biçilib. Bizim futbol təsərrüfatında o qədər adı çıxmışlar olub ki, indi «kaş canım çıxaydı» deyir. Amma canın da çıxması asan olmur axı. Odey, “Bakı”ya baxın, görün neçə vaxtdı can verir. Əməlli-başlı əzab çəkir yazıq klub. Qəflətən, elə durduğu yerdə ölənlərə həsəd aparanlar az deyil. “Xoşbəxt ölümdü, heç kimi incitmədi” deyirlər belələrinin arxasınca. Uzun müddət yataq xəstəsi olanlar üçünsə “özü də əzab çəkir, başqalarına da əzab verir” deyirlər. Yadınızda olar, “MKT-Araz” xoşbəxt ölümə tuş gəldi. Gecə yatdı, səhər ayılmadı. “Viləş” də kimsəni incitmədi, quş kimi uçub getdi. Heç elə bil bu adda klub olmayıbmış. İndi də yada düşəndə hamı ürəkdən “Allah rəhmət etsin, qəbri nurla dolsun” deyir.

Adamın “Bakı”ya yazığı gəlir. Gör nə vaxtdı can verir, əziyyət çəkir. Allaha acıq gəlməsin, ölüb qurtarmır ki, camaatın da canı dincəlsin. Yaşar Seyidov lap əldən düşüb. Kimə cavab versin, nə desin? Gələn-gedən, hamı onun gözünün içinə baxıb “necədi” sualını verir. Necə desin ki, “ümid” yoxdu? Biz başa düşmərik, can candan deyil axı. Yaşar Seyidova “necədi” sualını verənlər “Bakı”nın yox, öz dərdlərini çəkirlər. Futbolçular ala bilmədikləri məvaciblərinin, jurnalistlər reklama görə ödəniləcək vəsaitin dərdini çəkir. Yaşar Seyidov da öz dərdini. Bu klubu yaradanlardan olub axı. Can onundu. Gözünün qarşısında “Bakı” şam kimi əriyir, əlindən bir iş gəlmir, dilindən isə “düzələcək” kəlməsi çıxır ancaq.
Bununla həm də özü özünə təsəlli verir. Daha nə futbolçular, nə də mətbuat onun “düzələcək” kəlməsindən bir çimdik də təsəlli qoparda bilmirlər. 
Elə Yaşar Seyidovun özü də indi öz təsəllisinə inanmır. “Bakı” sağalmayacaq, onun kitabı bağlanıb. Azərbaycan futbolunda düzgün diaqnozun təyin edilməməsi “Bakı”nın da axırına çıxdı. Daxildə baş verən prosesləri nəzərə almadan «2012-ci ildə Çempionlar Liqasında oynayacaq» diaqnozunu qoymuşdular “Bakı”ya. Onda sifətindən yağ damırdı komandanın. Heç xəstəlik əlaməti-zadı da hiss olunmurdu. Sən demə, mərət içəridən yeyirmiş “Bakı”nı. Kimi yemədi ki, “Bakı”nın xəstəliyi? Hanı Nail Əliyev? Hanı Tunc Afşar? Hanı Bülənt Qorxmaz, Haciyevski, Şefer? Hanı Starkov, canım sizə desin, Novruz Əzimov, Bandoviç? Hanı, Zeynal Məmmədov? Hanı, hanı, hanı? İndi “Bakı”da Yaşar Seyidov tək qalıb. Zarıyan xəstənin başının üstündə tək qalmaqdan böyük əzab yoxdu. “Bakı” ilə bərabər Yaşar müəllim də əzab çəkir. Nə günahın sahibiymiş bu “Bakı”? Nə günahın sahibiymiş ki, Tanrı ona belə əzab verir? Rahat ölümü də çox görür ona…
Bir vaxtlar sifətindən qan damırdı “Bakı”nın. Hamı başına yığışırdı onda. Deməzdin ki, xəstədi. Yazığı içindən yeyirmiş mərəz. İndi vayında oynamağa futbolçu tapa bilmirlər. Hamısı ayağını qaçaraq qoyub. Sabah uzun sürən xəstəlikdən sonra canını tapşırsa, meyit ortada qalacaq. Yerdən götürən olmayacaq “Bakı”nı.
Allaha acıq getməsin, özü bilən məsləhətdi. Ancaq bir xəstənin bu qədər əzab çəkməsi də ədalətdən deyil axı. İlahi, keç günahımdan, bircə “Bakı” da ölüb qurtarsaydı, hamı dincələrdi. Futbolçular da, mətbuat da, Yaşar Seyidov da. İlahi, özün bilən məsləhətdi…

Natiq Muxtarlı, “Komanda” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43