Kateqoriyasız

Boksçularımız Avropa çempionatını uğurla başa vurub

Polşanın Kolobjek şəhərində davam edən Boks üzrə gənclərin Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışları ilə bir daha Avropanın ən güclülərindən olduqlarını nümayiş etdiriblər. 

İdmanxeber.com-un məlumatına görə, boksçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ruslan Rüstəmov yarımfinala qədər uğurla irəliləyib. 

Bu mərhələdə boksçumuzun rəqibi erməni idmançısı Alen Danielyan olub. Rüstəmov rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Finalda boksçumuzun rəqibi irlandiyalı Stefan Makkenna olub. Güclü rəqibini məğlub edən Ruslan Rüstəmov qalib gələrək Avropa çempionu olub. 

60 kqda çıxış edən idmançımız Elməddin İsmayılov yarımfinalda almaniyalı boksçu Denis Qaşi ilə qarşılaşıb. Gərgin keçən görüş almaniya idmançısının qələbəsi ilə yekunlaşıb. Bununla da, İsmayılov Avropa çempionatını bürünc medalla başa vurub. 

69 kq çəki dərəcəsində yarışan təmsilçimiz İsmayıl Hüseynov isə yarımfinala qədər bütün rəqiblərini məğlub edərək bu mərhələyə yüksəlib. Burada boksçumuz polşalı idmançı Sebastian Viktorzakla üz-üzə gəlib. Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb və o, finala adlayıb. Qızıl medal uğrunda görüşdə boksçumuz irlandiyalı Maykl Nevinle qarşılaşmalı olsa da, idmançımızın zədələnməsi bu görüşə çıxmasına imkan verməyib. Beləliklə, Azərbaycan komandası Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43