İdman

Boksçularımızın rəqibləri müəyyənləşdi

AİBA Pro Boxing (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov (+91 kq) və Tamerlan Abdullayevin (69 kq) növbəti rəqibləri bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, 2 qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məcidov dekabrın 19-da rinqə çıxacaq. Milli komandamızın üzvü misirli Əhməd Samirlə üz-üzə gələcək.

30 yaşlı Samir Nyu Yorkda peşəkar boksla məşğul olub. Ancaq o, APB turnirində hər iki görüşdə uduzub. Superağır çəki dərəcəli boksçu əvvəlcə almaniyalı Erik Pfeyferə, 2-ci mərhələdə isə rusiyalı Maqomed Omarova məğlub olub.

Abdullayev isə dekabrın 20-də avstriyalı Markos Naderlə qarşılaşacaq. 24 yaşlı Nader də əvvəllər peşəkar boksla məşğul olub. O, 1-ci mərhələdə keniyalı Rayton Okviriyə, ötən ay isə litvalı Eimantas Stanionisə uduzub.

Hər iki görüş saat 19:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43