Ölkə futbolu

“Bu gün oynayıb qələbə qazandıq” – Şahin Diniyev

“Səbail” Misli Premyer Liqasının V turunda “Qarabağ”ı məğlub edib (2:1).

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından “dənizçilər”in baş məşqçisi Şahin Diniyev görüş barədə fikirlərini bildirib:

“Qarabağ”ı 10 il dalbadal avrokubokların qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edirəm. Doğrudan da böyük işlər görüblər. Düşünürəm ki, “Qarabağ” bu il qrupdan çıxacaq və bizi sevindirəcək. Çox yaxşı komandaya qarşı oynadıq. Komandam taktiki cəhətdən savadlı oynamağa çalışdı. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Bu, bizdə ikinci hissədə yaxşı alındı. Sadəcə qol imkanlarından istifadə edə bilmədik. “Qarabağ” kimi rəqiblə matçda qol buraxıb geridönüş etmək çox çətindir. Futbolçularıma təşəkkür edirəm ki, bunu bacardılar. Bu gün oynayıb qələbə qazandıq, təsadüfi qələbə qazanmadıq”.

O, komandasının hesabda öndə olduğu üçün vaxt aparmasını da münasibət bildirib:

 “Tamamilə razıyam. Mən də olsam, elə deyərəm. Bəlkə bir az da çox deyərdim. Bu da futbolun bir hissəsidir. Heç bir komanda uduzmaq istəmir. Belə rəqibə qalib gəlmək futbolçular üçün böyük motivasiyadır. Mən də vaxt uzatmağın tərəfdarı deyiləm. Amma neynəyək ki, futbol belə yazılıb. Bütün dünyada belədir. Qurban müəllimin dedikləri ilə tam razıyam. Təzyiq altında qalmışdıq, pauza götürmək lazım idi. Bu, mənim dediklərim deyil, futbolçuların etdikləri idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43