Müsahibə

“Bu ölkədə ədalətsizliklər ədalət sözünün altında gizlənib” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının “Rəvan”la oyundan sonra İdmanxeber.com-a müshaibəsi.

– Oyunla bağlı nə deyərdin?

Nə deyim? Hər şey göz qabağındadı. Birinci dəfə deyil ki, bizim haqqımızı yeyirlər. İstər bu oyun olsun, istər başqa oyunlar. Azərbaycan futbolunda ədalət sözü yoxdu. Bütün ədalətsizliklər ədalət sözünün altında gizlənib. Həmişə bizə qarşı haqsızlıq olub. Bütün oyunlarda. “Neftçi” ilə 5-0-lıq oyunu yadınıza salın. Həmin hakimə niyə fit vermirlər? Niyə Premyer Liqada oyun idarə etmir? İndi də Ramil Diniyev. Yaraşdırmıram ona. Ayıbdır… Azərbaycan hakimliyi üçün çox ayıbdır. Bunu hansısa ölkədə göstərsələr, nə deyərlər? İnkişafımız elə burdan başlayır. Hamımızın haqqına girdilər. Mən hakimi Allaha tapşırmışam.

– Penalti epizodundan sonra dedin ki, oynamaram bir də. Bu nə anlamına gəlir? Komandanı tərk edəcəksən?

– Yox. Mən sona qədər komandanın aqibətinin necə olacağını gözləyəcəm. Amma gərək meydanı tərk etdikdən sonra qayıtmazdıq. Bu qədər haqqa girmək olmaz. Elə epizodda penal verdi ki… Əgər o epizoda görə “Qarabağ”ın, “Qəbələ”nin, “Neftçi”nin qapısına penalti verə bilirsə, bizə də versin. Orada penalti yox idi. Mənim ürəyim ağrayır. 23 yaşım var, hərdən fikirləşirəm ki, başqa iş olsaydı gedib işləyərdim.

– Növbəti mövsüm Xəzər Lənkəran I Divizionda mübarizə aparacaq…

– Ötən mövsüm Rəvan I Divizionda yer tutmamışdı. Amma Premyer Liqaya gətirdilər. Hər şey rəhbərliyimizdən aslıdır. Əgər lisenziya versələr, rəhbərliyimiz istəsə, yenə iddialı komanda olacağıq. Bəlkə də lisenziya vermədilər. Bilmək olmaz. Bizə qarşı haqsızlıq oldu. Komanda yoldaşlarım hamısı ağlayırdı. Kim verəcək onların haqqını? Ramil Diniyev?

– Hakim ədalətsizliyinə səbəb nədi?

– Yenə deyirəm, ilk dəfə deyil. “Xəzər Lənkəran”ın istər iddialı, istərsə də zəif vaxtlarında, həmişə bizə qarşı haqsızlıq olub. Hakimdən soruşuram ki, niyə penal verirsən? Deyir kim gəlsə də verəcəm. Hakimlər epizoda baxıb utansınlar. O epizoda baxıb heç kəs deyə bilməz ki, hakimlər ədalətli idi. Mənim gözümün qabağında oldu. Ramil Diniyev sarı vərəqəni çıxaranda fikirləşdim ki, simulyasiyaya görə, Ruslan Tağızadə cəzalanacaq.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43