Kateqoriyasız

Cavid İmamverdiyev: “Baş məşqçi harda deyirsə, orda oynayaram”

“Sabah” komandasının futbolçusu Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının VIII turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

– Son 3 matçda qalib gələ bilməmişdiniz. Bu qələbəyə nəyin hesabına nail oldunuz?

– Düşünürəm ki, bu qələbə bizə çox vacib idi. Ən azından özümüzə gəlmək baxımından. Çünki 3 oyundur uda bilmirdik. Məqsədimiz, komandamızın planları var. Bu qələbəni klubun prezidenti Maqsud Adıgözəlova həsr edirik. Həm komanda yoldaşlarımı, həm də məşqçilər korpusumuzu təbrik edirəm. Şükürlər olsun ki, qələbəni qazandıq.

– Məqsədiniz nədir? Məlumdur ki, “Sabah” fəaliyyətinin 3 ili tamam olmadığı üçün avrokuboklarda çıxış edə bilməz…

– Bu, aydın məsələdir. Məlum səbəbdən bu mövsüm avrokuboklara düşə bilmərik. Bununla belə, nə qədər çox xal toplasaq, bir o qədər rahat olar. Əsas odur ki, Premyer Liqada qalaq. Məqsəd deyəndə, bunu nəzərdə tutdum.  Bu komandanın uğuru üçün ancaq canımızı qoymalıyıq, başqa yolumuz yoxdur. Mübarizə aparmalıyıq ki, qələbə qazana bilək. “Sumqayıt” da yaxşı komandadır. Belə rəqib üzərində qələbə qazandığımıza görə çox şadam.

– Ötən mövsüm “Sumqayt”dakı çıxışınızla müqayisədə indi bir az fərqli mövqedə çıxış edirsiniz. Orada daha çox hücumda yer alırdınızsa, hazırda müdafiəyə kömək edirsiniz. Bu, baş məşqçiniz Elşad Əhmədovun göstərişidir, yoxsa öz seçiminizdir?

– Əlbəttə, baş məşqçinin göstərişidir. Mənin üçün fərqi yoxdur, baş məşqçi harda deyirsə, orda oynayaram. Hər məşqçi də eyni futbolu istəmir. Elşad müəllim məndən bu futbolu tələb edir. Mən də əlimdən gəldiyi qədər onun dediyini yerinə yetirməyə çalışıram.

– Ancaq “Sumqayıt”da daha ön planda görünürdünüz, qollar vururdunuz. Təsadüfi deyil ki, həmin vaxt adınız “Qarabağ”, “Neftçi”, “Qəəblə” kimi klublarla yanaşı çəkilirdi. İndi bir qədər kölgədə qalmağınız sizi narahat etmir?

– Yox! Düşünürəm ki, özümə gələcəyəm. Bildiyiniz kimi, təlim-məşq toplanışına da gec qatıldım. Toplanışdan qayıdandan sonra ardarda iki dəfə zədə aldım. İndi özümə gəlirəm. İnanıram ki, əvvəlki Cavidi görəcəksiniz


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43