Ölkə futbolu

Dənizli də getsin? – YAZI

“Xəzər Lənkəran” mövsüm üçün son kartını da boşa xərclədi. Artıq geriyə yol yoxdu, indi ancaq irəli baxmaq lazımdı. Amma ötənlərdən dərs almadan bunu etmək olmaz. Bu vaxta qədərki uğursuz sindromun əsas səbəbi tələsik qərarlar sayıla bilər. Məşqçilərin tez-tez dəyişdirilməsi komanda şəklində oyun üslubunun itməsiylə nəticələndi.

Dünya futbolunda bir komandanın formalaşması üçün minimum 1 tam mövsüm tələb olunur. Çətinlikdə olan komanda isə bunu ən yaxşı halda 2 mövsümə edə bilər. Belədə Mustafa Dənizlini nədəsə günahlandırmaq sadəcə sadəlövlük, tələskənlik olardı.

Əvvəlcə komandanın oyunlarını göz önünə sərib çatışmazlıqları nəzərdən keçirək.

Qapıda Orxan Sadıqlının tam etibarlı olduğunu söyləmək olmaz. Düzdü, gənc dəri əlcək ustası hazırkı durumuyla ölkənin top-5 qolkiper siyahısına girə bilər, amma istər çıxışdakı inamsızlığı, istərsə də bəzi epizodlarda soyuqqanlı davrana bilməməsi üzərində işlənəsi çatışmazlıqlardı.

Müdafiənin mərkəzi komandanın “Axilles dabanı” sayıla bilər. Rasim Ramaldanov mövsümün ən zəif bəndi kimi yadda qaldı. Peşəkar futbolçuya yaraşmayan səhvlərlə zəngin mövsüm keçirən Ramaldanovun millidəki aqibəti də sual altına düşüb. Ən sadəsi ona görə ki, mövsümü çox yaxşı keçirən Bədavi Hüseynov artıq yığmada mərkəz bölgəsinə real namizədlərdən biridi.

Qış bazarlığında heyətə cəlb olunan Tyeqo isə qısa zaman ərzində adından söz etdirməyi bacardı. Futbolçunun müdafiədə etibarlı oyunu, uzun ötürmələrdəki zərgər dəqiqliyi və başla topu duymaq hissi onu bu mövqedə ideal seçim saymaq üçün kifayət edir. Ancaq sambaçıdan bir dənədi və bu kifayət etmir. Düzdü, onun Alvaro Silva ilə tandemi o qədər də pis alınmırdı, amma növbəti mövsüm üçün iddialı “Xəzər Lənkəran” qurmaq planı varsa, bu zona üçün transfer məsləsində maksimum diqqətli və səxavətli olmaq lazımdı.

Müdafiənin sol cinahındakı problemlər mərkəzdəki qədər hiss olunmasa da Vanderson Skarduellini ideal bənd saymaq olmaz. Çalışqanlığı və əzmi Vandersona hələ də komandada qalmaq haqqı verir, amma bu zona rəqabət mühiti yaratmaq daha məqsədəuyğun sayıla bilər. Slavik Alxasov isə bu mövqe üçün mübarizə aparacaq perpektivdə deyil.

Elnur Allahverdiyevin “Qəbələ”yə verilməsiylə dirçələn və özünü sübut etmək üçün şans qazanan Tural Cəlilov haqda xoş sözlər demək olar. Çempionatın ən sürətli, ən hiyləgər cinah ustalarıyla mübarizədə dözümlü olan Cəlilovun zədəsi komandanın oyununa da aşkar təsir etdi. Yerli futbolçu limiti və Turalın əzmkarlığı onu heyətdə saxlamaq üçün kifayət edir.

Mustafa Dənizlinin XL-ə gəlişi dayaq zonasındakı dirçəlməylə müşayiət olundu. Əmirquliyev və Skarla cütlüyü bu zonada neqativ və kreativ işi çox yaxşı formada gördü. Arabir Rahidin irəli çəkilməsiylə Skarla dayaqda tək qaldı və oyunu ilə adından söz etdirməyi bacardı. Mustafa Dənizli yeni kəşfini bu mövqedə çox sınaya bilmədi. Müdafiə xəttindəki zədələr Skarlanı yenidən köhnə mövqeyinə qaytardı. Rumın futbolçu burada da yaxşı idi. Di gəl ki, artıq dayaqlar əvvəlki gücdə deyildi. Rahidin də sıradan çıxması komandanı çox çətin vəziyyətə saldı. Beynindəkini sahəyə köçürə bilməyən Dənizlinin uğursuz seriyaları da məhz o vaxtdan başladı.

Yarımmüdafiə xəttinə diqqətlə baxsaq, əslində, XL-nin ən güclü bəndini görmüş olacağıq. Amma burada da çatışmazlıqlar az deyil. İndividual oyunu ilə daha çox yadda qalan Sadio Tounkara mövsümü qeyri-stabil çıxışla keçirdi. Üçüncü dövrəyə mükəmməl start verən Tounkara sonradan komandanın ümumi ab-havasına uyğun olaraq zəif təsir bağışlamağa başladı. Komanda Adrian Pitin yoxluğu ilə yaranan boşluğu isə heç cür doldura bilmir. Əslində, qış transfer çalışmaları zamanı Deyan Blajevski alınmışdı və futbolçu oyunu ilə çox şey vəd edirdi. Amma görünür, onun komandaya adaptasiyası bir qədər zaman alacaq. Bununla belə, Deyan öz oyunu ilə bu mövqe üçün mübarizə aparmaq gücündə olduğunu artıq göstərib.

XL mövsüm ərzində dispetçer zonasıyla bağlı çoxlu problemlər yaşadı. Oyun quruculuğunun aşağı səviyyədə olması, klassik və oxunan oyunlarla qələbə qazanmaq cəhdləri də birbaşa bununla bağlı idi. Eliasın transferi bu boşluğun aradan qalxacağına böyük ümidlər yaratmışdı, amma çalışdırıcının ona şans verməməsi böyük müzakirələrə yol açdı. Bunun obyektiv səbəbləri onunla izah oluna bilər ki, futbolçu bütün matçı eyni gücdə keçirmək iqtidarında deyil, limit əngəllər yaradır, bu mövqedə oynayacaq oyunçu komandaya daha çox bələd olmalıdı. Elias çıxış etdiyi oyunlarda yaxşı təsir bağışladı: hiyləgər ötürmələr verdi, standart vəziyyətlərdən usta vuruşlarla təhlükə yaratdı, rabitəni təmin edə bildi və s.

Mövsümün iki uğursuz bəndinə də Mustafa Dənizli yeni “don biçdi”. Söhbət Zuhir Benuahi və Junior Nildodan gedir. İkinci haqqında hücum zonasından danışanda söhbət açacağıq.

Zuhir Benuahi ən çox tənqid olunan futbolçulardan biriydi və qış transfer dönəmində göndəriləcəyi gözlənilirdi. Dənizlinin ona şans verməsiylə üzərindəki psixoloji basqını atan futbolçu son matçlardakı oyunu ilə alqışlanmağı haqq edir. Ancaq bunun nə qədər davam edəcəyi futbolçunun özündən asılıdı. Yenidən AZAL və ya digər ortababların heyətinə qayıtmaq istəmirsə, daha çox tərləməli, çətin də olsa heyətdə yerini qorumalıdı.

Elnr Abdullayev isə yerli futbolçu limitinə görə heyətdəki yerində rahatlıq tapa bilər. Amma Ağabala Ramazanov cinahda yerini möhkəmlədə bilsə 10 nömrəyə də ehtiyyat skamya nəsib olacaq.

Hücum xəttinin sadəcə Junior Nildodan ibarət olduğunu söyləmək doğru olardı. Oyunun əksər hissəsini cinahlarda keçirən Mbilla mərkəz forvardı kimi elə də çox sınanmır. Nildo isə Mustafa Dənizlinin güvəni ilə üzərindəki psixoloji basqını dəf edib. Amma onun oyunu da arzuolunan səviyyədə deyil. Ümumiyyətlə, XL hücumun son periodunda qlobal problemlər yaşayır. Ən ideal hücumlar belə son nöqtə qoyulmadan bitir. Başqa sözlə, rəqib qapısının açarını əldə etmək üçün komandaya hücumçu cəlb olunması mütləqdi.

Bu, “Xəzər Lənkəran”ın əsas 11-liyinə qısa baxış idi. Görünən odur ki, problem çalışdırıcıdan çox, futbolçuların ustalıq səviyyəsi və çatışmazlığındadı. Qarşıdan yay gəlir. Artıq indidən transfer üçün çalışmalara başlamaq lazımdı. Yerli futbolçular az, vaxt isə ondan da azdı. Bütün boşluqların yayda doldurulacağını düşünmək inandırıcı deyil. Türk çalışdırıcı ən vacib nöqtələr üçün yayda səfərbər olmalıdı. Komandanın tam olaraq formalaşması isə ən yaxşı halda növbəti mövsümün qış transfer dönəmində reallaşa bilər.

Dənizli isə artıq bir dəfə çətinə düşüb. Növbəti mövsüm üçün fiziki və psixoloji hazırlığa xüsusi diqqət ayırmaq lazımdı. Toplanış zamanı verilən yükləmə böyük ölçüdə mövsümün taleyini həll edir. Təsadüfi deyil ki, komanda Antalyadan qayıtdığı ruhu və əzmi sona qədər daşıya bilmədi. Psixoloji hazırlığa isə elə indidən başlamaq lazımdı.

Ardıcıl məşqçi dəyişikliyi təkcə adların yerdəyişməsi demək deyil. Bu, oyun üslubu, ab-hava və bütün futbol elementlərinin dəyişməsi deməkdi ki, XL bunun acı nəticələrini çox yaşayıb.

KElvin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43