Ölkə futbolu

“Premyer Liqada ikinci olmaq bizim üçün daha vacibdir” – “Zirə”nin qapıçısı

“Zirə”nin qapıçısı Tiaqo Silva İdmanxeber.az saytıına müsahibə verib. Portuqaliyalı qolkiper komandasının Azərbaycan Kubokunda finala yüksəlməsindən və “qartallar”ın Premyer Liqadakı hədəfindən söz açıb

– Hər iki oyunda da “Qəbələ”ni məğlub edərək, Azərbaycan Kubokunda finala yüksəldiniz. Görüşləri necə şərh edirsən?

Çox xoşbəxtik. Mövsümün əvvəlində əsas hədəflərimizdən biri kubokda yaxşı nəticə qazanmaq idi. Hazırda finaldayıq və bu bizim üçün uğurlu nəticədir. Yarımfinal mərhələsində iki oyunda da qalib gəlmək əla göstəricidir. İndi final barədə düşünmürük. Yenilənib çempionat görüşünə köklənməliyik. Çünki orada da hədəfimiz var, mövsümü ikinci bitirmək istəyirik. 

– Hansı daha vacibdir, Premyer Liqada ikincilik, yoxsa kuboku qazanmaq?

Hazırda ikisi də önəmlidir. Amma burada belə bir məsələ var ki, heyətdəki əksər oyunçular ilk dəfədir ölkə kubokunun finalına vəsiqə qazanıblar. Bu tərəfdən baxsaq, kuboku qazanmaq vacibdir. Həm də mövsümü titulla bitirmiş olaraq. Ancaq indiki dövrdə vacib məqam Premyer Liqada ikinci olmaqdır. 

– Açıq danışsaq, finalda “Neftçi”nin rəqib olmasını istəyərdin?

Bu barədə nəsə demək istəmirəm. Bizim üçün rəqibin fərqi yoxdur. Komandamıza, oyunçularımıza güvənirəm. Müdafiədə etibarlı oynasaq, bütün rəqiblərə qalib gələ bilərik.

– “Zirə” ilə çox yaxşı mövsüm keçirirsən. Başqa klublardan təkliflərin var? Yayda ölkəmizdən ayrıla bilərsən?

Komandamla müqaviləm davam edir. Ayrılmaq məsələsi məndən asılı durum deyil. Əgər təklif olsa, “Zirə” də qəbul etsə, bu barədə düşünmək olar. Hazırda bütün fikrim komandamın uğurlarına yönəlib. Düzdür, mənim də hədəflərim var. Gələcəkdə Avropanın böyük klublarında çıxış etmək istəyirəm.

– Portuqaliya millisi ilə AVRO-2024-də çıxış etmək istəyərdin yəqin…

Bu, ən böyük arzularımdan biridir. Ümid edirəm bir gün millidə çıxş edəcəm. Amma bəzi reallıqları da qəbul etmək lazımdır. Öncə o səviyyəyə çıxacaq komandaların birindən təklif almalı və orada özümü göstərməliyəm. Futbolda hər şey ola bilər. Gələcəkdə nə baş verəcəyini indidən bilmək olmur. Bu gün bütün diqqətim “Zirə” ilə çempionatda ikinci olub və ölkə kubokunu qazanmaqdır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43