Ölkə futbolu

“Qəbələdə və Tovuzda stadiondan “Kəpəz”i izləmişəm“

“Gəncə” BK-nın baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə bu dəfə basketboldan yox, bu idman növü qədər sevdiyi futboldan danışıb.

İdmanxeber.az türkiyəli mütəxəssisin müsahibəsini sizə təqdim edir:

Sizi futbola bağlayan nədir?

– Futbol mənim tutqumdur. 12-13 yaşlarımdan yarışlarda oynayırdım. Sonradan potensialımın basketbola daha uyğun gəldiyini görüb məşqçilərin də qərarı ilə idman növünü dəyişdim. Futbol oyunlarını izləməyə, azarkeş olaraq dəstəkləməyə davam edirəm. Hər zaman sevdiyim işdir. Deyərdim ki, futbolu basketbol qədər izləyirəm.

“Kəpəz”in oyunlarında da sizi görürük. Bu, Gəncədə yaşamağınızdan irəli gəlir?

– “Gəncə mənim üçün doğmalaşıb. Buranı çox sevirəm. Gəncədəki komandaları dəstəkləyirəm. Azarkeşlik mövzusunda həssas biriyəm. Vaxtında çılğın bir fanat olaraq azarkeşlik etmişəm. Bu, həm də ondan irəli gəlir. “Kəpəz”in futbolçuları bizim komandanın oyunlarına dəstək üçün gəlirlər. Bizim də borcumuz onların matçlarına getməkdir. Qəbələdə və Tovuzda stadiondan “Kəpəz”i izləmişəm. Evdə televizordan da baxıram”.

Olavale Onanuqa ilə münasibətlərinizin yaxın olduğunu bilirik. Haradandı bu yaxınlıq?

– Onunla qapı bir qonşuyuq, hər ikimiz idman sahəsində çalışırıq deyə eyni sahənin adamlarıyıq. Sözümüz-söhbətimiz tutur. Həm çox yaxşı oğlan, həm də futbolçudur. İşinin peşəkarıdır. Məni stadionda gördükdən sonra o da bizim oyunlara gəlməyə başladı. Davamlı olaraq idmandan danışırıq. Mənim meydançada həyatda göründüyümdən daha fərqli olduğumu bildirir. Bəzən aqressiv ola bilərik, çünki məşqçi işi belədir. Oyunlarda məşqçilər özlərini unudurlar (gülür). İnanıram ki, Onanuqa “Kəpəz”ə daha çox illər layiqli xidmət edəcək.

Hoca, bildiyimiz qədəri ilə Türkiyədə “Beşiktaş”a azarkeşlik edirsiniz…

– Düz bilirsiniz, amma burada, ətrafımda olanların böyük əksəriyyəti “Qalatasaray”a azarkeşlik edir (gülür). Mən 1996-cı ildə “Çarşı” qrupunun üzvü oldum. O vaxtlar bu qrup elə də aktiv deyildi. “Çarşı”nın özəlliyi həyatın bütün sahələrində insanlara dəstək olmasıdır. Sosial qrupdur, məqsədi ehtiyacı olanlara yardım etməkdir. Mən həmişə bu işin içində olmuşam. Bu gün Gəncədə olsam da, dəstək verməkdə davam edirəm. Qrupdan kənarda, uzaqda olmağım fərq etmir, bağlılığımız var. “Xəmsə” və “Kəpəz Ultras” qrupları var, onlar da yəqin ki, sosial həyatda da fəaliyyətdədirlər. Bu, doğru olan bir işdir. ABŞ-də, İngiltərədə bu belədir.

Karyeranıza baxanda “Kəpəz” adlı komandada oynadığınızı görə bilərik. Bu ad Gəncədə sizə daha da doğmalaşdı?

– Təəssüf ki, ürəyimdəki problemlərə görə peşəkar karyeramı tez başa vurmaq məcburiyyətində qaldım. Son olaraq Antalyada “Kəpəz Bələdiyyəspor”da oynadım. Bu komandanın adının mənim üçün xüsusi yeri var. Düzdü, məhz bu klubda həkim müayinələrindən sonra basketbola davam edə bilməyəcəyim bildirildi. Yaddaqalan o idi ki, bu klubda bir oyunda 13 sayda “üçlük” atmaqla bir rekord qırmışdım. Burada da “Kəpəz” xoş təsadüfdən qarşıma çıxdı. Gəncədə belə adlı komandanın olmasından xəbərim yox idi. Mənim üçün sürpriz oldu.

Biz basketbolda çalışan məşqçiləri heç də həmişə ayrı-ayrı idman növləri üzrə yarışlarda azarkeş kimi görə bilmirik, xüsusən də futbolda. Bu mənada siz fərqlənirsiz.

– Bilirsiz, idman sosial layihədir. Həm də əgər sən bir şəhərdə yaşayırsansa, həmin yerin digər komandalarına da maraq göstərməlisən. Bu işdə həmrəylik olmalıdır. Axı biz Gəncəni təmsil edirik. İdman növünün fərqi olmamalıdır. İdman bir mədəniyyətdir, ayrı-ayrı idman növlərini təmsil edə, bir-birimizdən xoşumuz gəlməyə bilər. Amma eyni şəhəri bölüşdüyümüzdən dəstək vermək məcburiyyətindəyik. Gəncə adına uğura sevinmək istəyiriksə, bir olmalıyıq.

“Beşiktaş”ın rəngi “ağ-qara”dır. “Sarı-göy”ə könül vermək çətin oldu?

Bir az çətin oldu (gülərək). Bunu ötən mövsüm “Ankaragücü”nün məşqçisi olaraq yaşadım. “Beşiktaşlı” azarkeşlərdən etirazlar görürdüm. Amma peşəkar həyat başqadır. Mənəvi hislər isə ayrı bir şeydir. Bunları qarışdırmaq olmaz.

8 aya yaxındır ki, Gəncədəsiz. Sizə qarşı münasibət ürəyinizcədi?

– Müsahibəmin əvvəlində dediyim kimi buranı çox sevirəm. Yeni gələndə bir az fərqli idi. Uyğunlaşmağa yavaş-yavaş başladım. Klubda birgə çalışdığım insanlar, köməkçi məşqçi Rizvan Səfərov tez bir zamanda bura alışmağım üçün dəstək oldular. Ətrafdakıların diqqətini, hörmətini görürəm. Özümü artıq evdəki kimi hiss edirəm. Bunu səmimi deyirəm. Bu mövsüm Gəncədə istədiyimizi, şəhərin layiq olduğu nəticəni verə bilmədik. Ümid edirəm ki, bunu düzəltməyə şansımız olacaq.

 Gəncəli azarkeşlərə sonda sözünüz var?

– Gəncəni təmsil edən komandalar yüksək hədəflər, çempionluq üçün oynamalıdır. Azarkeşlərə yaraşan budur. Onların komandası Avropada çıxış etməlidir. Bizdə bu dəfə alınmadı, amma arzumuzun ürəyimizdə qalmasını da istəmirəm. Hamı həyatda səhv edir. Əsas olan nəticə çıxarmaqdır. Eyni səhvləri təkrarlamayıb, “Gəncə”ni haqq etdiyi yerə aparmağı xəyal edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43