Kateqoriyasız

Elşad Kəlbəliyev: “Nəzərdə tutmuşuq ki, açılış münasibətilə burada beynəlxalq turnir keçirək”

“Əlincə” Futbol Klubunun prezidenti Elşad Kəlbəliyev rəsmi sayta müsahibəsində ilin yekunları, klubun gələcək planları və bir sıra digər məqamlar barədə fikirləri ilə bölüşdü.
 
– İlk öncə geridə qalan ili klubumuz üçün dəyərləndirərdiz…
 
– Geridə qalan ilin bizim üçün kifayət qədər uğurlu keçdiyini deyə bilərəm. İlk öncə klubumuzun 2 futbolçusu xarici klubların diqqət mərkəzinə düşdü. Turan Vəlizadə “Fənərbağça”nın, Qara Qarayev isə “Malaqa”nın heyətlərinə cəlb olundu. Düzdü Qarayev sonradan fikrini dəyişərək ispan klubuyla müqavilə bağlamaqdan imtina etdi və yerli “İnter”lə anlaşdı. Amma klubumuzun yetirməsi olan və hələ 18 yaşı tamam  olmayan futbolçumuzun Premyer Liqa klubunun əsas komandasına transfer olunmasını da uğur hesab etmək olar. Hər il olduğu kimi, arxada qoyduğumuz ildə də futbolçularımız müxtəlif yaş qrupları üzrə milli komandalara cəlb olundular. 2015-ci ildə klubumuz üçün ən əlamətdar olan hadisələrindən biri də 13 minlik tamaşaçı tutumuna malik olan təbii örtüklü meydançamıza UEFA nümayəndələri tərəfindən baxış keçirilməsi və stadionumuzun 2016-cı ildə ölkəmizdə baş tutacaq 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını qəbul edəcək stadionlardan biri kimi seçilməsi oldu. 
 
– U-16 və U-13 Liqalarının ilk dövrəsində “Əlincə” komandalarının çıxışlarını necə qiymətləndirərdiz?
 
– Komandalarımız da ili gözəl nəticələrlə başa vurdular. U-16 komandamız “Neftçi” , “Xəzər-Lənkəran” , “Qarabağ” , “Bakı” , “İnter” kimi klubları geridə qoyaraq ilk dövrəni 2-ci pillədə başa vurdu. U-13 komandamız isə daha yüksək nəticə ilə, keçirdiyi oyunlarda cəmi 2 xal itirməklə dövrəni 1-ci yerdə bitirib “qış çempionu” oldu. U-11 və U-9 komandalarımızda da istedadlı uşaqlar, gələcəyin futbolçuları var və bu uşaqlara da daim diqqət göstərilir.
 
– İlk dövrədən sonra bu 2 komandamız iştirak etdikləri liqalarda çempionluq uğrunda  yarışırlar. Çempion olacaqları təqdirdə klub tərəfindən onlara hər hansı bir mükafat nəzərdə tutulubmu?
 
– Bəli, çempion olan komandanı ölkə xaricində keçiriləcək turnirlərdən birinə göndərməyi planlaşdırırıq. Bu futbolçularımız üçün həm təcrübə olar, həm də istirahət. 
 
– U-16 komandamızın baş məşqçisi Vasif Haqverdiyev 5, U-13 komandamızın baş məşqçisi Cəfər Hüseynov isə 4 aydı ki, komandalarımızı çalışdırırlar. Bu məşqçilərin bu müddət ərzində gördükləri işlər sizi nə dərəcədə qane edir?
 
– Bəli, 5 ay öncə biz komandalarımızda baş məşqçi dəyişiklikləri etmək qərarına gəldik və qısa müddət keçməsinə baxmayaraq edilən dəyişikliklər artıq öz sözünü deməyə başlayıb. Hər iki komandamızın oyunlarında artım, dəyişiklik hiss olunur. Xüsusi olaraq U-16 komandamızın oyununu qeyd edərdim. Həm nizam-intizamına, həm də oyun üslubuna görə builki komandamız ötən illərdəki komandalarımızın hamısını üstələyir. U-13 komandamız da oyunlarına görə digər komandalardan kəskin fərqlənir. Bu da təbii ki, məşqçilərin işidi. 
 
– Bu komandalarımız üçün qarşıya hansı məqsədlər qoyulub?
 
– Açığı bizim üçün nəticə o qədər də önəmli deyil. Yəni, məşqçilərdən heç vaxt nəticə tələb etməmişik. Məşqçi ortaya iş qoyursa, futbolçu yetişdirirsə, düzgün futbol oynadırsa nəticə onsuz da gələcək. Məqsəd isə, həmişəki kimi ölkəmizə futbolçu yetişdirməkdi. Düşünürəm ki, ölkə futbolu üçün ən yaxşı xidmət məhz budu. 
 
– “Əlincə” klubu fəaliyyət göstərdiyi qısa müddət ərzində artıq ölkəyə futbolçu yetişdirən klub imicini formalaşdırıb. Bu istiqamət üzrə görülən işlərdə hansı yeni planlar var?
 
– Biz yenə də eyni həvəslə işlərimizə davam edirik. Klubumuzda bütün yaş qrupları üzrə komandalara diqqət ayrılır, mütəmadi görüşlər təşkil olunur, oyunları izlənilir. Məşqçilər arasında iclaslar təşkil olunur və fikir mübadilələri aparılır. Məşqçilərimiz tərəfindən uşaqlara nəzəri dərslər keçirilir. Klubun otelində qalan, bölgələrdən gələn uşaqlar üçün istənilən şərait yaradılıb və onların bütün xərcləri qarşılanır. Çalışacağıq ki, bu il də bütün yaş qrupları üzrə olan komandalarımızı ölkədaxili turnirlərə göndərək, yaxud özümüz bu cür turnirlər təşkil edək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43