Ölkə futbolu

“Futbolda mümkünsüz heç nə yoxdur” – Roberto Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sumqayıt”a evdə 2:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. 

– Əlbəttə, bizim üçün üzücü gündür. Bəzi səhvlərimiz oldu. Xüsusilə də, 2:2-dən dərhal sonra qol buraxmağımız çox pis oldu. Çoxlu təhlükəli epizod yaratdıq, hətta top qapı dirəyindən qayıtdı. Özümüz öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq.

 Oyundan əvvəl “Sumqayıt”ın heyətinə baxmışdınız? Rəqibin ehtiyat qüvvə ilə oynaması və kuboku düşünməsi sizdə arxayınlıq yaratmamışdı ki?

– Komandamı rəqibin necə, hansı heyətlə oynayacağını bilmədən hazırlamışdım. Deməzdim ki, rəqibin kubokda oynaması bizdə arxayınlıq yaratmışdı. İlk dəqiqələrdən bu, görünürdü. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik.

– Bundan sonra “Qarabağ”ı geridə qoymağınız çox çətindir. Ümumi çempionatı dəyərləndirsəniz rəqib çempionluğu qazandı, yoxsa “Neftçi” hədiyyə etdi?

– “Qarabağ” çempionluğu rəsmiləşdirsə, bu sualı cavablandıraram. Çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdur. Çox yaxşı mövsüm keçirdik. Hətta böyük xal fərqi də yarada bilmişdik. Sadəcə, bunu saxlaya bilmədik.

– “Sumqayıt”dan bu mövsüm iki zərbə almısınız. Aşağı sıralarda qərarlaşan rəqiblə belə çətinlik çəkməyinizin səbəbi nədir?

– Deməzdim ki, “Sumqayıt”la oyunlarda xüsusi nəsə oldu. Bütün mövsümə nəzər salmaq lazımdır. Təkcə “Sumqayıt”la görüşlər deyil, digər bir neçə matç da oldu ki, lazımsız xallar itirdik.

– Səmimi olsanız, “Neftçi”nin çempionluğunun möcüzəyə bərabər olduğunu deyə bilərsinizmi? Neçə faiz şansınız qaldığınızı düşünürsünüz?

– Futbolda mümkünsüz heç nə yoxdur. Qarşıdakı matçları gözləməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43