Kateqoriyasız

Georgi Nikolov: “Kaxaber Sxadadze qeyri-centlmen hərəkət edib”

“Bakı” “İnter”inin  baş məşqçisi Kaxaber Sxadadze klub prezidenti Georgi Nikolovu xəbərdar etmədən Gürcüstan millisinin sükanı arxasına keçib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə G.Nikolovun özü açıqlama verib.

Hazırda vətəni Bolqarıstanda olan klub prezidenti K.Sxadadzenin ondan xəbərsiz klubun fəxri prezidenti və Direktorlar Şurasının sədri Cahangir Hacıyevlə danışıqlar aparmasını və eyni vaxtda iki yerdə işləməyə razılıq almasını düzgün hərəkət saymayıb:

“Mən daim Sxadadzeyə dəstək olmuşam. Hətta komandamız üçün ən çətin və yayda daha sərfəli təkliflərin gəldiyi vaxtlarda onu saxlamağa çalışmışam və buna nail olmuşam. İndi isə mənim xəbərim olmadan cənab Hacıyevlə danışıqlar aparması və məni pis vəziyyətdə qoyması, yumşaq desəm, qeyri-centlmen davranışdır. Bəlkə də hazırda xaricdə olduğumdan, birbaşa fikrimi öyrənməyib. Amma elektron poçt və digər vasitələrlə öyrənməsi mümkün idi”.

G.Nikolov 46 yaşlı mütəxəssisin eyni vaxtda iki yerdə işləməsindən “İnter”in daha çox əziyyət çəkəcəyini bildirib. Onun sözlərinə görə, K. Sxadadze müxtəlif ölkələrin çempionatlarında çıxış edən gürcüstanlı futbolçuları izləməli, səfərlərdə olmalı, Gürcüstan millisinin təlim-məşq toplantılarını təşkil etməlidir:

“Bütün bunlar “İnter”in hazırlıq prosesinə problem yaradacaq. Ona görə də elə indidən baş məşqçi axtarışlarına başlamalı və fevraladək Sxadadzeni əvəzləyəcək şəxsi tapmalıyıq. Hazırkı baş məşqçimizin mövsümün sonunadək “İnter”in sükanı arxasında qalması tərəfimizdən məcburi addım olacaq”.  

Qeyd edək ki, Kaxaber Sxadadze dekabrın 25-də Gürcüstan milli komandasına baş məşqçi təyin olunub. Gürcüstan Futbol Federasiyası ilə bağladığı müqaviləyə əsasən, K.Tsxadadze 2015-ci ilin iyununadək həm “İnter” və millinin sükanı arxasında olacaq, sonra isə klubu tərk edərək, 2017-ci ilin sonlarınadək yalnız qonşu ölkə millisində çalışacaq.(report.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43