Ölkə futbolu

Günün transfer xəbərləri “Qəbələ”dən: əyalət klubundan iki supertransfer birdən

2014/15 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini gücləndirmək istiqamətində növbəti addımlarını atıb. 

İdmanxeber.com-un məlumatına görə, Ruslan Əmircanovun ardından daha iki futbolçu “qırmızı-qaralar”la müqavilə imzalayıb. Rumıniyalı Andrei Kristea və Adrian Ropotan növbəti mövsümdə “Qəbələ”nin formasını geyəcək. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı Kristea hücumçu, bəzən hücumameylli yarımmüdafiəçi kimi çıxış edir. Vaxtilə Rumıniyanın aşağı yaş yığmalarında da oynamış Andrei ölkəsinin əsas komandasında 2006-cı ildə debüt edib. Rumıniyalı əsas millidə 10 matç keçirib. Son mövsümü “Braşov”da keçirən Kristea bunadək “Bakau” (2001-04), “Styaua” (2004-06), “Politexnika” (Timişoara, 2006-08), “Politexnika” (İaşi, 2008 və 2009), “Dinamo” (Buxarest, 2008-10 və 2012-13) çıxış edib. 2011/12 mövsümündə legioner həyatı yaşayan Andrei Almaniyada “Karlsrue”nin formasını geyib. 2009/10 mövsümündə “Dinamo”da 16 qol vuran Kristea Rumıniya çempionatının bombardiri adını qazanıb. Bundan başqa isə onun hesabında 2 ölkə çempionluğu və 1 dəfə Superkubokun qalibi titulu var.

28 yaşlı Ropotan dayaq yarımmüdafiəçisidir. Ölkəsinin əsas yığmasında 2008-ci ildə debüt edən futbolçu bu komandada 5 matça çıxıb. Bunadək isə Rumıniyanın U-21 millisinin şərəfini qoruyub. Buxarest “Dinamo”sunun yetirməsi olan yarımmüdafiəçi 2005-09-cu illərdə bu komandanın formasını geyib. Son 5 ili Rusiyada legioner həyatı yaşayan Ropotan Moskva “Dinamo”su (2009-12) və Nijni Novqorod “Volqa”sı (2013-14), həmçinin icarə əsasında “Tom”un (2011-12) uğurları üçün çalışıb.

Qeyd edək ki, legionerlər sabahdan komandanın məşqlərinə qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43