Ölkə futbolu

Hakimliyin inkişafı və ya Elxan Məmmədovun görünməz planı

Dünən keçirilən İcraiyyə Komitəsinin islacında Hakimlər və Hakim-İnspektor Komitələrinin birləşdirilməsi qərarı alındı.

İdmanxəber.az-ın məlumatına görə, yeni sədr  Fritz Stuxlikin iclasdan dərhal sonra ictimaiyyətə təqdim olunub. Cənab Stuxlikin iclasdan öncə Bakıda olması  bu qərarın daha öncədən verildiyini göstərir. AFFA-nın baş katibi Elxan Məmmədov Xaqani Məmmədovun bu günə qədər böyük xidmətlər göstərdiyini desə də, UEFA-nın özlərinə hakimlik inkişafının zəif olduğunu bildirdiyini söylədi. Əslində bu ifadə ilə baş katib Xaqani Məmmədovun işində yarıtmaz olduğunu, gözlənilənin altında qaldığını etiraf etdi. Baş Katib Xaqani Məmmədovun bundan sonra hansısa vəzifədə olub-olmayacağı sualına da konkret cavab vermədi. Təbii ki, Elxan Məmədov birbaşa X.Məmmədovun  yarıtmaz olduğunu deyə bilməzdi. Çünki, o halda illərdir onu o vəzifəyə gətirənlər, bu yarıtmazlığı görməyənlər də cəzalandırılmalı idi.

Maraqlıdır, UEFA bundan qabaq dəfələrlə AFFA-ya çempionatda komandaların az olduğunu, futbol səviyyəmizin aşağı olmasını da irad bildirib. Bütün bunlara heç bir reaksiya verməyən Futbol Federasiyamızın  birdən-birə hakimlik inkişafına sevgisinin yaranması çox da inandırıcı deyil. Hər halda ikili arasında nələrin baş  verdiyini, X. Məmmədovun vəzifədən niyə uzaqlaşdırılmasının əsil səbəbi bizə məlum deyil. Bizə məlum olan tək şey bu addımın hakimlik inkişafı ilə bir əlaqəsinin olmamasıdır. Sözsüz ki, bu qərar da  hansı məqsədin, hansı planın bir parçası olduğu  yaxın vaxtlarda ortaya çıxacaqdır. Görünür Azərbaycan futbolu Elxan Məmmədovun yeni bir planı  ilə qarşı-qarşıyadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43