Ölkə futbolu

Samir Abasovun debüt matçı – ənənə davam edəcəkmi?

Topaz Premyer Liqasının 4-cü turu “Zirə”nin baş məşqçisi Samir Abasov üçün debütlə əlamətdar olacaq.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 40 yaşlı mütəxəssis “qartallar”ı ilk dəfə rəsmi oyuna çıxaracaq. “Səbail”lə “Bayıl Arena”dakı matçda debütü gerçəkləşəcək çalışdırıcı klubun tarixinə 4-cü baş məşqçi kimi düşəcək.

Komandanın əvvəlki baş məşqçilərinin debüt oyunlarına nəzər salsaq, minimal fərqli qələbə tendensiyasının şahidi olarıq. 2014-cü il sentyabrın 7-də birinci divizionun MOİK-lə ev oyunundakı 1:0 hesablı qələbə həm “Zirə”nin tarixində, həm də Bəhram Şahquliyevin bu klubda ilk matçı olub.

2015-ci il aprelin 4-də divizionun “Bakılı” ilə səfər matçı isə Adil Şükürovun rəhbərliyi altında ilk görüş kimi yadda qalıb. “Zirə” yenə 1 cavabsız qolla qalib gəlib. Düzdür, bunadək “Lokomotiv”lə baş tutmayan qarşılaşmadakı texniki qələbə də onun hesabına yazılıb.

2017-ci il yanvarın 29-da isə Ayxan Abbasov baş məşqçi kimi ilk matçına çıxıb. Premyer Liqanın AZAL-la ev oyununda komanda minimal fərqlə üstün olub – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43