İdman

İli 159 medalla başa vurdular

Azərbaycan Milli Karate Federasiyası 2022-ci ili də əvvəlki illər kimi uğurlu başa vurub.

İdmanxeber.az xəbər verir ki, milli komandanın üzvləri il ərzində yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa və Dünya çempionatında, həmçinin V İslam Həmrəylik Oyunları və nüfuzlu beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edib.

2022-ci ildə qazanılan 159 medaldan 63 qızıl, 37 gümüş, 59 medal isə bürüncdür. İdmançılarımız Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından rəsmi yarışlarında Gənclər liqasında 2 qızıl, 2 gümüş və 2 bürünc medal, Seriya A turnirində  1 qızıl, 1 gümüş və 4 bürünc medal, Premyer liqa 4 qızıl, 3 gümüş və 5 bürünc medal, müxtəlif mötəbər beynəlxalq yarışlarda isə  18 qızıl, 7 gümüş və 15 bürünc medal qazanıblar.

Karateçilər həmçinin Yeniyetmə və Gənclərin Avropa çempionatında 3 qızıl və 2 bürünc medal, bu yaş qrupları üzrə Dünya çempionatında  2 qızıl və 2 bürünc medala sahib olub. Böyüklər Avropa çempionatında 1 gümüş və 2 bürünc medal, eləcə də Para-Karate üzrə qitə çempionatında  2 qızıl və 1 gümüş medal, V İslam Həmrəylik Oyunlarında isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.

Bundan başqa milli komandanın üzvləri Dünya Şotokan Federasiyasının (WSF) Avropa çempionatında 17 qızıl, 11 gümüş və 18 bürünc medala, Dünya çempionatında isə 13 qızıl, 9 gümüş və 6 bürünc medala sahib olub. Bütün bu uğurlu nəticələrdən əlavə beynəlxalq hakimlər statuslarını yüksəltməyə nail olub. Sentyabrda ilk dəfə keçirilən “Olimpiya ümidləri” uşaqlar arasında beynəlxalq turnir WKF-in rəsmi təqvim planına daxil edilib.

Sentyabrda Bakıda ilk dəfə təşkil edilən Karate1 Premyer Liqa seriyası turniri WKF tərəfindən ilin ən yüksək səviyyəli turniri kimi qiymətləndirilib. Paytaxtımızda növbəti səfərdə olan WKF-in prezidenti Antonio Espionos Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin qəbulunda olub, Azərbaycan karatesinin yüksək səviyyədə inkişafını və dünya karate ailəsində böyük nüfuza malik olduğunu qeyd edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43