Müsahibə Ölkə futbolu

“Kəpəz”ə gəlmədən öncə Ayzaya və Kevin Medina ilə danışdım”

Mövsümə “Neftçi” qələbəsi ilə başlayan “Kəpəz” daha sonra iki oyundan da (“Zirə”, “Turan Tovuz”) meydanı xalsız tərk etdi. Baş məşqçi Azər Məmmədov açıqlamasında komandanın güclənməyə ehtiyacı olduğunu və yeni futbolçuların heyətə cəlb ediləcəyini vurğulamışdı.

Artıq “Kəpəz” seneqallı oyunçu Latir Fal ilə anlaşdığını rəsmi olaraq açıqlayıb. Gəncə təmsilçisinin böyük ümidlər bəslədiyi yeni futbolçunun keçidini ilk olaraq idmanxeber.az saytı yazmışdı.

Ötən mövsümü Portuqaliya II liqa təmsilçisi “Eştrela”da keçirən 25 yaşlı yarımmüdafiəçi komandasının əsas çempionata yüksəlməsində ciddi pay sahibi olub. Performansı ilə diqqətləri üzərinə çəkməyi bacaran Fal artıq yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq.

Futbolçu ilə yeni komandasına keçidi və “Kəpəz”in qarşıdakı hədəflərindən söz açdıq. O, müsahibəsində Gəncə təmsilçisini seçməsinin səbəbini açıqladı

– Ötən mövsüm Portuqaliyada yaxşı mövsüm keçirdin. Azərbaycan klubundan başqa təkliflərin var idi?

Səudiyyə Ərəbistanı ikinci divizionundan, Portuqaliya klublarından və başqa ölkədən də təklif oldu. “Kəpəz”in məni transfer etməkdə daha israrlı olduğunu gördüm. Rəhbərliklə davamlı danışırdıq, mənə çox yaxşı münasibət göstərdilər. Mən də buna qarşılıq “sarı-göylər”də oynamağa qərar verdim. Seçimimin düzgün olduğunu düşünürəm. Burada yaxşı nəticələr qazanacağımızı hiss etdim. Komandanın gücünə inamım var.

– “Eştrela”nın əsas üzvlərindən olmusan. Səni komandada saxlamaq istədilər?

-Orada ulduz olduğumu deməzdim. Biz ötən mövsüm Portuqaliyada komanda şəklində yaxşı mübarizə apardıq və uğurlu nəticələr əldə etdik. Ancaq futbol belə oyundur. Bir anda başqa ölkəyə, ayrı kluba keçə bilirsən. Hazırda yalnız “Kəpəz” barədə düşünürəm.

– Azərbaycan futbolu barədə nə bilirdim? Ölkəmiz barədə məsləhət aldığın kimlərsə oldu?

-Bəli, bir neçə tanışla danışdım, onların fikirlərini öyrəndim. Ötən mövsümü “Kəpəz”də keçirən Ahmet Ayzaya və “Qarabağ”da çıxış edən Kevin Medina ilə fikir alış-verişi etdik. Onlarla danışandan sonra qərar verdim. Söhbət etdiyim oyunçular Azərbaycan və “Kəpəz” barəsində yalnız yaxşı şeylər dedilər. Bu səbəbdən də belə seçim etdim.

– Portuqaliyanın əsas çempionatında yox, Azərbaycanda çıxış etmək karyerana necə təsir edəcək? Burada mübarizə aparmağın daha asan olacağını düşündün?

Asan olacağını? Qətiyyən belə deyil. Artıq heç bir çempionatda çıxış etmək asan deyil. Hər yerdə mübarizə aparmalısan, yaxşı oynamalısan və heyətə düşməlisən. Bütün klublarda rəqabət var. Sadəcə, Azərbaycanda olmaq istədiyim üçün “Kəpəz”i seçdim.

Artıq komanda ilə tanışsan. Uyğunlaşmağın üçün uzun vaxt lazımdır?

Yeni klublara gedəndə çox adaptasiya problemi yaşamıram. Qısa vaxtda komandaya uyğunlaşıram. Gələn gündən futbolçular və texniki heyət məni çox yaxşı qarşıladı. Xoş münasibət göstərdilər. Məncə, qısa vaxtda tam hazır vəziyyətdə olacam. Uyğunlaşma müddəti çox çəkməyəcək.

– Komandanın hədəflərindən xəbərdarsan?

Məqsədimiz yüksək pillələr üçün oynamaqdır. Vaxt keçdikcə daha yaxşı olmalıyıq. İnkişaf etsək, çox çalışsaq, hədəflərimizə çata bilərik. Hələ yolun başındayıq, bizi qarşıda çətin oyunlar gözləyir. Hər şey özümüzdən asılıdır. Biz necə çıxış edəcəyiksə, vəziyyətimiz də elə olacaq. Çempionatda özünəinam, mübarizə çox vacibdir. Hamısının öhdəsindən gəlməliyik.

-Gəncədə yaşamaq sənin üçün çətin olmayacaq? Şəhərlə tanış olmusan?

Mənim üçün problem yoxdur. Çətinlik çəkəcəyimi düşünmürəm. Gəncəlilər çox mehribandır, səmimidir. Onlarla darıxacağımı demək olmaz. Hamı sənə isti münasibət göstərir. Gəncədə rahat yaşaya bilərəm.

Artıq 3 oyun geridə qalıb və “Kəpəz”in 3 xalı var. Bu vəziyyəti dəyişə biləcəksiniz?

-Digər oyunları görməmişəm. Amma “Turan Tovuz”a qarşı matçı (0:2) izlədim. Hesab edirəm ki, komanda məğlubiyyətə layiq deyildi, çünki çox yaxşı çıxış etdik. İlk hissədə rəqibdən qat-qat yaxşı idik və bəzi epizodları əldən verdik. İndi səhvləri düzəltmək və işləri qaydasına salmaq vaxtıdır. Artıq növbəti oyun haqqında düşünməliyik.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43