İdman

Kamran Quliyev: “Mən heç bilmirəm ki, başıma 15 dəqiqədən sonra nə gələcək”

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçvəsində keçirilən “Qəbələ” – “Neftçi” matçı sonrası qonaqların prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un əməkdaşının da iştirak etdiyi müsahibədə Quliyev ilk öncə oyunla bağlı danışıb.

– Topa nəzarət əvvəlcə bizdə olsa da, daha sonra rəqib bu üstünlüyü ələ aldı. Gözlənilmədən bir qol buraxdıq. Özünüz də gördünüz ki, bu qol oyunun gedişinə uyğun deyildi. Ancaq “Neftçi” ikinci hissədə özünə gəldi. Demək ki, Tərlan Əhmədov futbolçularla dil tapıb. Avropa Liqası üçün mübarizəmizi davam etdiririk. “Qəbələ” kimi güclü komandanı yerində məğlub etdik. Halbuki çoxları Qəbələyə sadəcə 1 xal üçün gəlir.

– Bu nəticəni gözləyirdiniz?

– Əlbəttə ki. “Neftçi” artıq özünə gəlməkdədi. Bu tək mənim təyinatıma görə deyil. 

– Demək olar ki, “Neftçi” aartıq əvvəlki günlərinə qayıdır?

– Təbii ki… “Qəbələ” ilə çətin oyun keçirdik. Məncə bu komandamızın hələ 60-70 faizi deməkdi.

– Siz paltardəyişmə otağına getdikdən sonra futbolçuların sevinc səsləri eşidilməyə başladı. Bu mükafatla bağlı idi?

– Əvvəla onları qələbə münasibəti ilə təbrik etdim. Təbii ki, nəsə olmalı idi. Stimul olsun ki, futbolçular da ürəklə çıxış etsinlər. Hazırda komandanın ab-havası ilə məşğuluq.

– Fasilədən öncə “Neftçi”də nə çatışmırdı?

– Özünə inam. Burda çıxış edən futbolçular yaxşı dərk etməlidi ki, onlar “Neftçi”nin futbolçularıdı. Düzdü, bizdə nisbətən gənc futbolçular üstünlük təşkil edir. Ancaq geridə olduğumuz matçı qələbə ilə başa vurmaq, oyunçularımıza da əlavə stimuldu. 

– Ümumi komandanın çıxışını kənara qoysanız, xüsusi fərqləndirəcəyiniz futbolçu kim olardı?

– Oyunun qəhrəmanı? Mən bunu demək istəmirəm. Çünki qələbədə hər kəsin payı böyükdü.

– Nə vaxtsa ağlınıza gələrdi ki, “Sumqayıt” klubu ilə AVropa Liqası uğurunda yarışa qatılacaqsız?

– Mən heç bilmirəm ki, 15 dəqiqədən sonra başıma hansı hadisə gələcək. Ancaq düşünürəm ki, maraqlı mübarizəyə şahidlik edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43