İdman

Roman Qriqorçuk: “Hər iki qolu “Neftçi”yə özümüz hədiyyə etdik”

Azərbaycan Premyer Liqasında XVIII turun “Qəbələ” – “Neftçi” (1:2) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk jurnalistləırin suallarını cavablandırdı.

İdmanxeber.com-un məlumatına görə,  O, əvvəlcə matç barədə fikirlərini bildirdi: 

“Çox pis hisslər keçirirəm. Oyundan sonra komandama dedim ki, bunun öhdəsindən gəlməliyik. Bu gün ilk qolu rəqibə özümüz hədiyyə etdik. Ömrüm boyu belə oyun keçirdiyim yadıma gəlmir. İtkilərimiz var idi. Bu gün isə qırmızı vərəqə aldıq, bundan əlavə Ruslan Qurbanov zədələndi. Ola bilsin, onun ayağında sınıq olsun. Ancaq bunları bəhanə etmək istəmirəm. Bu gün stadiona çoxlu azarkeş gəlmişdi. Futbol ab-havası var idi. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik. 

 – Vitali Vernidub artıq ardıcıl ikinci oyundu səhv edir. Keçən oyunda öz qapısına qol vurdu, bu gün isə onun səhvindən sonra qol buraxdız… 

– Vitali ilə heç nə baş vermir. Ötən oyundan sonra onunla söhbətləşdik. Hətta zarafatla ona dedim ki, “necə ola bilər ki, müdafiəçi olasan, ancaq öz qapına qol vurmayasan?”. Bu oyunda şans verməsəydim, elə fikirləşərdi ki, məhz bu epizoda görə onu meydana buraxmadım. Bu gün isə şans verdim, yenə səhv etdi. Ancaq oynamasaydı, deyə bilmərəm ki, nəsə fərqli olardı.

 – Komandanın son zamanlar istəksiz görünməsini artıq çempionluğun əldən getdiyini düşünməsi və fikrini kuboka yönəltməsi ilə bağlamaq olarmı? 

– Bu fikri qəbul etmirəm. Komandanın necə istəkli olduğunu görmüşəm. Bunu həm məşqlərdə, həm də oyunda şəxsən müşahidə etmişəm. Çempionatın sonuna hələ var. İndidən düşünə bilmərik ki, fikrimizi kuboka yönəldək. O barədə heç fikirləşmirik. Qarşıda çempionat oyunlarımız var və bütün diqqətimizi onlara yönəltmişik. 

– Keçən həftə autsayderlərdən“Səbail”ə, bu gün isə heç də ən yaxşı günlərini yaşamayan “Neftçi”yə uduzduz. Bəlkə futbolçularınız aşağı pillələrdəki rəqiblərə ciddi yanaşmır? 

– Hər oyuna fərqli hazırlaşırıq. Keçən dəfə vəziyyət tam başqa idi. Bu gün çox pis hadisələr baş verdi. “Səbail”ə qarşı isə biz yaxşı oynadıq, ancaq məğlub olduq. Ötən mövsüm də belə oyunlarımız çox olurdu. Biz sadəcə növbəti matçı fikirləşib, ona hazırlaşırıq. Bunu bir tendensiya adlandırmaq olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43