Ölkə futbolu

“Kopenhagen” tərəfi özünə əl qatıb: “Maksim cəzalandırılmalıdı”

"Kopenhagen" klubunun rəsmisi Daniel Rommedal ÇL-nın pley-off görüşünün ilk oyunu çərçivəsində qarşılaşdıqları "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin cəzalandırılmasını tələb edir. 

İdmanxeber.com-un məlumatına görə, danimarkalılar Ağdam klubunun kapitanının görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir:“Epizod baş verəndə hakimin oyunu saxlamalı olduğunu düşündük. Amma o, matçı davam etdirdi”. 

Danimarka klubu artıq matçla əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb. Dirsək zərbəsi nəticəsində sözügedən futbolçunun almacıq sümüyünün əzildiyi bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. Bu isə "Kopenhagen"in düşərgəsində narazılığa səbəb olub. Onların fikrincə, Medvedevə həmin epizodda birbaşa qırmızı vərəqə göstərilməli idi. Danimarkalılar Medvedevin cəzalandırılmasına və onun cavab görüşünü buraxmasına nail olmaq istəyirlər.

“Kopenhagen”in katibi Rommedal məsələ ilə bağlı növbəti dəfə danışıb. O, Maksim Medvedevin cəzalandırılmalı olduğunu qeyd edib: “Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, referi “Qarabağ”ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın necə keçəcəyini təxmin etmək asan deyil. İstənilən halda, “Qarabağ”ın futbolçusuna cəza kəsilməlidi”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43