Ölkə futbolu

Maksim 300-cü dəfə “Qarabağ”lı olacaq

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Viktoriya” (Çexiya) ilə keçiriləcək cavab görüşü “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olacaq. 

İdmanxeber.com-un məlumatına görə, klub karyerası yalnız Ağdam təmsilçisi ilə bağlı olan müdafiəçi 300-cü matçına çıxacaq.

 

Azərbaycanda hər futbolçuya eyni klubda bu qədər matç keçirməyin nəsib olmadığını nəzərə alsaq, Maksimin yubileyini unikal adlandırmaq olar. Bu isə “Viktoriya” ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə gerçəkləşəcək.

 

9 il əvvəl “Qarabağ”ın əsas komandasına debüt edən Medvedev indiyədək 299 oyun keçirib. Bu matçlarda 7 qol vuran müdafiəçi 4 müxtəlif turnirdə çıxış edib.

 

Topaz Premyer Liqasında 223 oyunda 6 dəfə rəqib qapısına yol tapan futbolçu ölkə kubokunun 29 qarşılaşmasında 1 dəfə fərqlənib. Çempionlar Liqasında 7, Avropa Liqasında 40 dəfə meydana çıxan Maksim avrokuboklarda qol hesabını hələ açmayıb.

2007-ci il fevralın 12-də ölkə çempionatının “Karvan”la səfər oyununda ilk dəfə “Qarabağ”ın forması geyinən müdafiəçi 9 ildən artıqdı şərəfini qoruduğu komanda ilə 3 çempionluq (2013/14, 2014/15, 2015/16), 3 kubok (2008/09, 2014/15, 2015/16) qazanıb.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43