Kateqoriyasız

Melvin Platye: “Azərbaycanda oynamaq mənim üçün çətin idi” – MÜSAHİBƏ

Müqavilə ilə “Neftçi”yə məxsus olan Melvin Platye İsvçin “Kalmar” klubuna icarə əsasında çıxış edəcək. Hollandiyalı futbolçu İsveç mətbuatına müsahibəsində bir çox məqamlara toxunub. 
 
– Həftəsonu İsveç çempionatı start götürəcək. Oynayacağınıza ümidiniz var?
– Mən son matçımı 3 həftə əvvəl “Neftçi”də keçirmişəm. Ümid edirəm ki, bu bazar günü növbəti görüşümü keçirəcəm. Baxaq görək, məşqçi məni oynatmaqla bağlı hansı qərarı verəcək.
 
– Hollandiyanın aşağı dəstəsində və elitasında 60-a yaxın qol vurmusuz. Ancaq “Neftçi”də cəmi 1 dəfə fərqlənə bildiniz. Məhsuldarlığınızın aşağı düşməsinin səbəbi nədi?
– Düzdü, Hollandiyada çoxlu qollar vurmuşdum. Azərbaycanda isə oynamaq mənim üçün çətin idi. Orda mentalitet tamamilə fərqlidi. Bu, mən gözlədiyim kimi deyildi. Ancaq ümid edirəm ki, İsveçdə ən yaxşı futbolçu olmağı bacaracağam.
 
– “Kalmar”a keçidinizdə kim rol oynadı?
– İsveçdən olan həyat yoldaşımın qardaşı Andreas Haddad “Hammarbü”də çıxış edir. O mənə bura haqqında yaxşı şeylər dedi və ona görə də İsveçə gəlməyə qərar verdim. Mən bazar ertəsi tibbi müayinədən keçdikdən sonra “Quldfoqeln-Arena”sında komanda ilə ilk məşqimi keçdim. İlkin təəssüratlar yaxşıdı. Görüş üçün əla yerdir və yaxşı şəraitə malikdi.
 
– Hansı tip hücumçusuz?
– Mənim 4-4-2 və 4-3-3 sistemində oynamaq xoşuma gəlir. “7” və ya “10” nömrə altında da oynamağı bacarıram. Ancaq xoşuma gəlir ki, topu meydanın dərinliyindən qəbul edim və qollar vurum. Əsas məsələ qarşıda qollar vurmaq, komanda üçün yaxşı oynamaq və bütün gücü ilə mübarizə aparmaqdı. “Kalmar”da mən “19” nömrəli formanı geyəcəm.
 
– “Kalmar”ın idman direktoru Tomas Andersson Borstam deyib ki, “Brommapoykarna” ilə martın 30-dakı oyuna kimi sizin hazırlaşmaq imkanınız olacaq. Ancaq sizin oynamağınız həm də Azərbaycandan gələcək sənədlərdən asılıdı…
– Elədi. Biz hazırda bunun üçün hadisələrin gedişatını tələsdirməyə çalışırıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43