İdman

MK-nın yenilənmiş tərkibi: Yeni mövsümdə nələr gözlənilir? (SORĞU)

Dünən AFFA-nın inzibati binasında AFFA yanında Media Komitəsinin yeni İdarə Heyətini müəyyənləşdirmək üçün seçki keçirilib. Səsvermədən sonra 8 namizəddən 6-sı İdarə Heyətinə üzv seçilib.

İdmanxeber.com saytı olaraq İdarə Heyətinə seçilən üzvlərin MK-nın yeni planları və seçkilər barəsində fikirlərini öyrəndik.

Araz Əhmədov (Sportfm.az): "İdarə Heyətinə ilk seçkilərdə olduğu kimi, yenə obyektiv və şəffaf seçki baş tutdu. Bu, çox müsbət haldır.

Arxada qalan bir ildə ərzində Media Komitəsinin gördüyü işlərlə yanaşı, çatışmazlıqları analiz etmək şansımız oldu. Məhz həmin qüsurları aradan qaldırmağa çalışacağıq. Təbii ki, yeni "komanda"nın yeni ideyaları olacaq".

Elçin Cəlilov (Futbolpress.az): "AFFA yanında Media Komitəsi ötən il qurumun rəhbərliyi tərəfindən təklif olunan layihədi. İdman mediasını işgüzar ideyalar ətrafında  cəmləşdirən bir proses in əmələ gəlməsi niyyətiylə atılmış addım idi. Ötən il 33 idman KİV-nin qatıldığı seçkidə 6 nəfər seçildi. Bir nəfər də AFFA tərəfindən təyin olundu və 7 nəfərdən ibarət İdarə Heyəti formalaşdı.

Bu il də 6+1 formatı komitə üzvləri arasında açıq səsverməylə saxlandı. Ancaq seçki prosesi ötənilkinə nisbətən fərqli oldu. Ötən il 33 seçicinin hamısı həm də namizəd idi. Bu il isə konkret namizədliyini irəli sürənlər vardı. 6 yerə 8 namizəd vardı.

Seçkinin formatı daha da təkmilləşdirilmişdi.

İdarə heyətinə namizədliyimə səs verən hər bir həmkarıma təşəkkür edirəm. Etimadlarını ötən bir ildə olduğu kimi qarşıdakı ildə də doğrultmağa çalışacam.

Yeniliklər olacaq. Necə ki seçki prosesində xeyli təkmilləşmə oldu, eləcə də MK-nın mexanizmi təkmilləşəcək. İH üzvü kimi müxtəlif təkliflərim var. Zamanla onların gerçəkləşməsi üçün İH-dakı həmkarlarımla birgə çalışacam.

Ən əvvəl komitənin intensivliyinin artması vacibdir. İmic məsələlərindən tutmuş, layihələrin formatınadək dəyişikliklərə ehtiyac var. Görüləsi işlər çoxdur. ancaq hələ İH tam formalaşandan sonra nəsə demək olar.

6 nəfər seçilib, ancaq AFFA yeddinci üzvü – öz təklifini hələ etməyib. Gələn həftə ilk geniş iclasımız olacaq. Orda bu məsələlərə aydınlıq gələr. Ondan sonra prosesə start verməkçün hüquqi əsas da olacaq.

Əsas istəyimiz budur ki, təkcə İH-dan gözləməyək. MK-nın bütün üzvləri (30) fəal olmalıdır. Hər addımda təşəbbüskarlıq arzuolnanadı. 7 nəfərlik İH 30 üzv KİV kimidi, ya da əksinə. Çalışıb, idman mediasının inkişafına birlikdə nail olmalıyıq. Hər birimiz təcrübəmizdən pay verməliyik ki, bu layihə də uğurlu davam eləsin".

Ruslan Mikayıllı (Azerisport.com): "Seçkilər kifayət qədər marağlı mübarizə şərayətində keçdi. Ən əsas şəfaflıq təmin edildi. Fikrimcə, nəticələrnən bağlı heç kimin narazılığı olmadı.

Yeniliklər barədə danışanda heç kim xəyallara qapılmasın. İnqilabi dəyişiliklər hələ ki gözlənilmir. Yağlı vədlər heç kimə vermək istəmirəm. Xarakterimə uyğun deyil. Vəziyyəti hamı yaxşı başa düşür, həmçinin də mən. Onu deyə bilərəm ki, işləyən jurnalistlər ve media qurumları kənarda qalmayacaq".

Mahir Rüstəmli ("Futbol+" qəzeti): "Məncə, normal, demokratik seçki keçdi. Əlbəttə, namizədlərin sayının çoxluğu daha yaxşı olardı. Mənə səs verən və verməyən hər kəsə təşəkkür edirəm. Səs verənlərin ümidlərini doğrultmağa, verməyənlərin də yanıldığını göstərməyə çalışacam.

MK-nın uğurlu işi bir nəfərdən və ya təkcə qurumun İdarə Heyətində təmsil olunanlardan asılı deyil. Həm yeni tərkib idman jurnalistikasının aktual problemlərinin həlli yolunda daha ciddi fəallıq göstərməli, həm də AFFA rəhbərliyi quruma və qurumun təşəbbüslərinə daha isti münasibət göstərməlidi. Şəxsən mən belə düşünürəm ki, Media Komitəsi layihələr üçün pul ayıran qurumdan bir qədər irəli getməli, idman jurnalistlərinin nəzəri və praktiki hazırlığının artırılmasına yardım etməklə yanaşı, həm də onların evi olmalıdı. Yeni tərkib hələ iclas keçirməyib və bu üzdən yeniliklər haqda danışmağa tələsməyək. Bir neçə gün gözləməyə dəyər".

Vüqar Xeyrullayev (Apasport.az): "Seçkilər adi, normal qaydada keçdi. İdarə Heyətində yer alanların hamısını təbrik edir, seçkidə az səs toplayıb seçilməyənlərə uğur arzulayıram. Konkret öz seçilməyimə gəlincə, belə olacağını öncədən də gözləyirdim. Ən azı 15 illik əməyimə həmkarlarımın da dəyər verəcəyinə inanırdım. Düzdür, sosial şəbəkələrdə o qədər də fəal olmadığımdan, yazılarıma imza qoymağı sevmədiyimdən çox da "reklam olunmuş fiqur" deyiləm. Oxucular bilməsə də, bu sahədə olanlar 15 ildir hansı işlər gördüyümə bələddir. Seçilməyim də məhz həmkarlarımın gördüyüm işə verdiyi qiymət hesab edirəm. Kimə səs verməsindən asılı olmayaraq, seçkidə iştirak edən hər kəsə təşəkkür edirəm.

Media Komitəsinin qarşıdakı il üçün fəaliyyəti haqda yalnız ilk iclasımızda baş tutacaq müzakirələrdən sonra nə isə söyləmək olar. Təbii ki, hər bir üzvün öz təklif və ideyaları var ki, müzakirələrdən sonra ortaq fikrə gəlib, bütün komitə üzvlərinə faydalı olacaq yenilikləri həyata keçirməyə çalışacağıq. Yeniliklərdən öncə isə ilk ildə seçilən düzgün istiqamətdəki yolu daha da təkmilləşdirəcəyik. Təbii ki, ilk ildə narazılar da, razılar da olub. Amma əsas odur ki, düzgün yolda, istiqamətdəyik. Sadəcə, bu yöndə olan bəzi xırda nüansları həll etməliyik".

İlqar Tağıyev ("Het-trik News" qəzeti): "Seçkilər normal keçdi. Heç kimin seçkiyə etirazı olmadısa, deməli, hər şey qaydasındadır. Sözün açığı, seçkinin bu qədər gərgin keçəcəyini gözləmirdim. Fikrimcə, komitənin İdarə Heyətinin yeni heyəti pis deyil. Yer alanların hamısı özünə görə tanınmış, savadlı, təcrübəli jurnalistlərdir. Düşünürəm ki, bu heyətlə yaxşı kollektiv yarada biləcəyik.

Gələcək planlara gəlincə, hal-hazırda öz şəxsi fikrimi bildirəcəyəm. Yeniliklərlə bağlı müəyyən fikirlərim var. Hətta deyərdim ki, bu barədə təkliflərim də olub. Həm layihələr, həm tədbirlər, həm də komitənin tanınması baxımından müxtəlif təkliflər var. Konkret nəyinsə adını çəkmək olmaz. Çünki bunlar, sadəcə, təklifdir və ola bilər ki, dəstəklənməsin. Dəqiq məlumat vermək üçün iclas keçirilməlidir və həmin iclasdan sonra danışmaq olar.

Əsas onu deyə bilərəm ki, 2-ci ildə 1-ci ilə nisbətən daha çox işlər görəcəyik. Çünki bu işdə təcrübəmiz daha da artıb. Birinci ildə səhvlərimiz oldu. Həmin səhvlərdən nəticə çıxarmalıyıq və daha böyük işlər görməliyik".

İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43