Müsahibə

“Pulum olsaydı, Pedroya görə 5 milyon verərdim” – Pedro Enike

Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike Topaz Premyer Liqanın 22-ci turunun “Səbail”lə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

– Növbəti çətin oyunumuzu keçirdik. Rəqib yaxşı müdafiə olundu, bizə çətinlik yaşatdı. Amma buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Titul uğrunda mübarizəmizi davam etdiririk.

– Qış fasiləsindən sonra qol vurmaqda çətinlik çəkirsiniz. Bu, nə ilə bağlıdır?

– Bunu bir az şansla əlaqələndirərdim. Digər tərəfdən, komandalar bizə qarşı oyunlarda qapanırlar. Hətta “Qəbələ” də bura gələndə müdafiəmeylli futbol sərgilədi. 1 və ya 3 top fərqi ilə qələbə qazanmağın heç bir fərqi yoxdur. Hər ikisi sizə qələbə gətirir. İnanıram ki, növbəti oyunlarda daha çox qol vura biləcəyik.

– “Qəbələ” ilə xal fərqi artdı.Özünüzü çempion kimi hiss edirsiniz və oyunlara necə motivasiya olursunuz?

– Komandada danışıq olub ki, digər oyunlara və rəqiblərin xallarına fikir verməməliyik. Öz oyunumuza köklənməyə çalışırıq. Bugünkü futbol elədir ki, rəqiblər bizə rahatlaşmağa imkan vermir.

– Bu reallıqdır ki, “Qarabağ” yerli çempionatda rəqibsizdir. Hazırkı vəziyyət avrokuboklardakı çıxışınıza necə təsir edə bilər?

– Əvvəlki illərdə necə olduğunu deyə bilmərəm. Amma son 6-7 aylıq təcrübə əsasən deyə bilərəm ki, çempionatın ilk hissəsində rəqiblər bizə qarşı daha açıq oynayırdılar. Hücum etmək daha asan idi. Çempionlar Liqasında da ilk oyunlarımız alınmasa da, sonradan öz oyunumuzu tapdıq.

– Mövsüm artıq sona yaxınlaşır. Yunanıstan mətbuatının yaydığı məlumata görə, PAOK transferiniz üçün 5 milyon avro tələb edir…

– Həm müqavilə ilə məxsus olduğum klub, həm də menecerim qərara gəlmişik ki, bu barədə açıqlama verməyək. Klublar öz aralarında hansı qərarı versələr, o da olacaq. Mən oyunlara köklənməyə çalışıram.

– “Qarabağ” rəhbərliyinin yerində olsaydınız, Pedro Enrikeyə görə PAOK-a 5 milyon avro verərdiniz?

– (Gülür). Pulum olsaydı, verərdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43