İdman

“Qarabağ” isveçrəli hücumçu transfer etdi

UEFA Çempionlar Liqasında “Kukesi” ilə qarşılaşacaq “Qarabağ” heyətinə yeni oyunçu cəlb edib. 

İdmanxeber.com-un məlumatına görə, ağdamlılar hücum xəttini “bomba” transferlə gücləndirib.

Belə ki, çempionumuz İnnosent Emeqara ilə anlaşıb. Daha əvvəl də “Qarabağ”da oynamış isveçrəli hücumçunun keçidinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Karyerasına İsveçrənin “Vintertur” klubunda başlayan forvard sonrakı karyerasında “Loryan”, “Siena”, “Livorno” kimi komandaların şərəfini qoruyub.

2014/15 mövsümündə qısa müddət Azərbaycan çempionunun heyətində çıxış etmiş Emeqara meydana çıxdığı 7 oyunda 4 qol vurmuşdu.

İsveçrə millisində də oynamağa imkan tapmış bəstəboy forvard yığmada meydana çıxdığı 9 oyunda fərqlənməyib.

Qeyd edək ki, “Qarabağ”dan ayrıldıqdan sonra ABŞ təmsilçisi “San Xose Ertkveyks”ə keçən hücumçunun son klubu Kipr təmsilçisi “Ermis” olub. (apasport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43