Kateqoriyasız Ölkə futbolu

“Qarabağ” və “Sabah”ın olmaması bizim üçün üstünlükdür” – Azər Salahlı

“Zirə”nin çətin rəqib olduğu hər kəsə məlum idi. Ardıcıl iki mövsümdə onları keçə bilməmişdik. Ağır oyunlar bizi gözləyirdi. Elə gözlənilən kimi də oldu. Birinci görüşdə məğlub olduq. Cavab matçında isə erkən qol vuraraq, mərhələni keçə bildik. Açığı, ilk qarşılaşmada da oyun bizim üstünlüyümüzlə keçmişdi. “Zirə” oyunboyu yalnız ikinci hissə bir hücum etdi, ondan da yararlana bildi. Əslində onların oyun üslublarını bilirdik. Yenə də ilk matç rəqibin istədiyi kimi olmuşdu. Yekunda isə mərhələni keçdiyimiz üçün xoşbəxtik”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin futbolçusu Azər Salahlı Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçları çərçivəsində keçirilən “Zirə” oyunu barədə danışarkən deyib. Təcrübəli futbolçu “Qarabağ”la “Sabah”ın ölkə kubokundan vidalaşmasının komandaya olan inamı daha da artırdığını bildirib. O, çempionatda Ağdam klubu ilə yaranan xal fərqindən də söz açıb:

“Sabah”la “Qarabağ” olsaydı belə öz mübarizəmizi davam etdirəcəydik. Ancaq indiki məqamda onların olmaması bizim üçün üstünlükdür. Əlimizdən gələni edib “Turan Tovuz”u keçməliyik. Finalda isə kuboku qazanmaq istəyirik. Premyer Liqada “Qarabağ”la olan xal fərqinə gəlincə, bunu aradan qaldırmaq olar. İndidən çempionluq barədə danışa bilmərik. Bizi hələ qarşıda çox oyun gözləyir. Hazırda tək hədəfimiz hər oyundan qələbə ilə ayrılmaqdır”.

28 yaşlı yarımmüdafiəçi mövsüm başlayandan komandanın qeyri-stabil çıxış etməsinin səbəblərini belə görür:

“Özüm də daxil bir çox oyunçumuz zədəli oldu. Hələ də bundan əziyyət çəkirik. Azərin, Stankoviçin, Meza Kolinin, Rəhmanın durumu bəllidir. Hətta bir dönəm var idi ki, heç məşq eləməyə futbolçu olmurdu. Məncə, çıxışımızda stabilliyin olmamasında ən birinci səbəb bu idi”.

Salahlı “Neftçi”dəki çıxışının ara-sıra birmənalı qarşılanmamasına və klubdakı gələcəyi ilə bağlı çıxan söz-söhbətlərə də münasibət bildirib:

“Azarkeşlərin fikirlərinə hər zaman hörmətlə yanaşmışam. İstəyənlər də, istəməyənlər də olur. Mənim işim komandam üçün əlimdən gələni etməkdir. Bundan sonra da belə olacaq. Hazırda “Neftçi” ilə müqaviləm var. Burada qalıb, klubumla yeni uğurlar, qələbələr qazanmaq istəyərəm”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43