Dünya futbolu

“Qarabağ”la oyuna hazırıq” – “Nant”ın futbolçusu

“Yol problem deyil. Uyğunlaşmaq üçün bir az tez gəldik. Tam olaraq matça hazırıq”.

Bunu Fransanın “Nant” komandasının futbolçusu Lüdovik Blas “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

25 yaşlı yarımmüdafiəçi Yunanıstan “Olimpiakos”u ilə görüşdən sonra bəzi çətinliklərin olduğunu bildirib: “Buna baxmayaraq sabahkı matçda yaxşı oynamaq istəyirik. Göstərməliyik ki, ilk turdakı qələbə təsadüfi deyildi”.

Blas “Nant”ın stabil çıxış edə bilməməsi barədə də danışıb: “Düşünürəm ki, evdə oynayanda daha rahat oluruq. Azarkeş amili də rol oynayır. Amma ölkə xaricində niyə belə çıxış etdiyimizi deyə bilmərəm”.

O, üç gündən bir oyun keçirməyin problem olmadığını diqqətə çatdırıb: “Bu, bəhanə ola bilməz. Peşəkar futbolçu formada olmalıdır. Matçdan sonra yorula bilərik. Amma dincəldikdən sonra özümüzə gəlirik”.

Blas Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrə də toxunub: “Biz futbolçuyuq. Buraya oynamağa gəlmişik. Matçımızı keçirdikdən sonra geri dönəcəyik Bunun bizə heç bir aidiyyatı yoxdur”.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43