Ölkə futbolu

“Qəbələ” Avstriya klubuna divan tutdu

İyunun 7-dan Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” mövsümlərarası dövrdə ilk yoxlama oyununu keçirib.

Idmanxeber.com-un məlumatına görə, Avstriyadakı hazırlıq çərçivəsindəki ilk rəqib yerli “Fulpmes” klubu olub. “Qırmızı-qaralar” qarşılaşmaya aşağıdakı “11-lik”lə başlayıb:

Dmitri Bezotosnı, İlqar Qurbanov, Tellur Mütəllimov, Vitali Vernidub, Vojislav Stankoviç, Elvin Camalov, Qismət Alıyev, Filip Ozobiç, Roman Hüseynov, Asif Məmmədov, Baqali Dabo.

“Qəbələ”nin aşkar üstünlüyü ilə keçən qarşılaşmanın ilk 45 dəqiqəsində 4 qol vurulub. Dabo, Mütəllimov, Qurbanov və Ozobiç meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur edib.

Baş məşqçi Roman Qriqorçuk ikinci hissədə Aqil Məmmədov, Yusif Nəbiyev, Rasim Ramaldanov, Sahil Mirzəyev, Fərid Nəbiyev, Ülvi İbazadə və Hacıağa Hacılıya da şans verib. Matçın ikinci yarısında “qırmızı-qaralar” üstünlüyünü daha da artıraraq daha 4 qol vurub. Öncə Camalov fərqlənib, ardınca Alıyev penaltidən dəqiq olub. Meydana fasilədən sonra daxil olan İbazadə isə dubla imza atıb.

Beləliklə, Avstriya toplanışında ilk oyununda “Fulpmes”i sınağa çəkən “Qəbələ” böyükhesablı qələbə qazanıb – 8:0. Komanda iyunun 15-də Rusiyanın “Axmat” klubu ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43