Kateqoriyasız

“Qəbələ” Türkiyə klubunu rüsvay etdi

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” 2-ci yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən "qırmızı-qaralar” həvəskarlar liqasında çıxış edən "Aşkalespor”la qarşılaşıb. Komandanın baş məşqçisi Roman Qriqorçuk Ərzurumun U-21 komandası ilə ilk yoxlama oyununda olduğu kimi bu dəfə də əsasən yeni transferlərə və əvəzedici heyətin üzvlərinə şans verib. Görüşdə komandaya hazırlığın Qəbələdə keçiriləcək 2-ci mərhələsində qoşulacaq milli üzvləri də iştirak etməyib.

"Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb:

Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Murad Musayev, Dodo, Qismət Alıyev, Aleksey Qay, Samir Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Emin Zamanov.

Qarşılaşmaya fəal başlayan "Qəbələ” 12-ci dəqiqədə hesabı açıb. Aleksey Qay fərqlənib. 3 dəqiqə sonra Asif Məmmədov fərqi artırıb. Komandanın fəallığı ilk hissənin ortalarında bəhrəsini verib. 25-ci dəqiqədə 3-cü qola imza atan Dodo 1 dəqiqə keçmiş dublunu rəsmiləşdirib. Fasilədə Andrey Popoviç Dmitri Bezotosnını, Roman Hüseynov Emin Zamanovu əvəzləyib. İkinci hissə "qırmızı-qaralar”ın qolu ilə başlayıb. 48-ci dəqiqədə Samir Zərgərov türkiyəliləri məyus edib. 57-ci dəqiqədə yarımmüdafiəçi dublunu rəsmiləşdirib. 9 dəqiqə sonra Rəşad Sadiqov hesabı 7:0-a çatdırıb. İkinci hissənin ortalarında diqqət mərkəzinə düşən Qismət Alıyev əvvəl 68, ardınca 69-cu dəqiqədə qol sevinci yaşayıb. Bundan 8 dəqiqə sonra het-trik müəllifi olan Zərgərov matçda son nöqtəni qoyub – 10:0. Beləliklə, "Qəbələ” 2015/16 mövsümünün hazırlığının ilk mərhələsini 10:0 hesablı qələbə ilə başa vurub. Qonşu ölkədə 2-ci oyununu keçirən komanda sabah səhər məşqindən sonra vətənə qayıdacaq.

Qeyd edək ki, hazırlıq çərçivəsindəki ilk oyunda Ərzurumun U-21 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.

"Qəbələ”-"Aşkalespor” – 10:0

Qollar: Aleksey Qay 12, Asif Məmmədov 15, Dodo 25, 26, Samir Zərgərov, 48, 57, 77, Rəşad Sadiqov, 66, Qismət Alıyev, 68, 69 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43