İdman

“Qəbələ”dən Yunis Hüseynova “xoş gəldin”

Azərbaycan Premyer Liqasının 13-cü turunun görüşləri çərçivəsində “Kəpəz” evdə “Qəbələ”ni qəbul edirdi. Bu matç sadəcə çempionluğa iddialı olan və aşkar autsayder komandalarının qarşıdurması deyildi. Bu matç həmçinin Premyer Liqada iktirak edən 3 əyalət təmsilçisindən ikisinin dueli idi. Bu səbəbdən, oyuna azarkeş marağının yetərincə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün olurdu. Qarşılaşmanı Gəncədə oynanıldığını nəzətə alsaq, futbolçuların boş tribunalar qarşısında top qovmayacağı dəqiq idi. Üstəlik, qələbəyə “ac” olan yerli fanatlar, yeni baş məşqçiləri Yunis Hüseynovu qəhrəman obrazında görməyi çox istəyirdilər. Cari mövsüm ərzində cəmi 2 qələbə qazanan və əldə olunan qalibiyyətlərdən birini məhz  səfərdə “Qəbələ” üzərində gerçəkləşdirən Gəncə klubu bu dəfə də sürpriz niyyətində idi. 

Ancaq bütün bu ehtimallar qarşılaşmanın start fitindən 24 saniyə sonra puç oldu. Çünki qonaq “Qəbələ”nin futbolçularının topa ilk toxunuşları məntiqi sonluqla nəticələndi. Azərbaycan çempionatında vurulan ən erkən qol rekordunu əlində saxlayan “qırmızı qaralar” daha əvvəl 2015-2016-cı il mövsümündə “Xəzər Lənkəran”ı 12-ci saniyədə cəzalandırmağı bacarmışdı.  Konenin ötürmsindən sonra Davud Kərimini də “zərərsizləşdirən” Baqali Dabo, cari mövsümün ən erkən qoluna imza atdı. Bu qoldan sonra möcüzə axtarışlarını davam etdirən Gəncə klubu əvəzində 14-cü dəqiqədə qonaqlara növbəti “hədiyyə”ni verdi. Elvin Camalov rəqib qapısında qol epizodu yaratmaq məqsədi ilə, topu meydan sahiblərinin cərimə meydançasına göndərsə də, bu olduqca yavaş alındı. Lakin heç kimin gözləmədiyi anda “yumşaq” gələn topu tuta bilməyərək Monrozun qarşısına atan Davud Kərimi anti-qəhrəmana çevrildi. Oyun ərzində ən aktivlərdən olan Fomusse Kone də adını tabloya yazdırmağı bacardı. Fasiləyə az qalmış fərqlənən oyunçu yerli azarkeşlərin “küsməsi”nə səbəb oldu. Məhz bu qoldan sonra meydana toplaşan təxminən 8000 azarkeşdən demək olar əsər-əlamət qalmadı.  Cuzi sayda azarkeşin qalıb, matçın davamını izləməyi məqsədəuyğun hesab etdi. Onlar işdən icazə alıb gələnlər və hazırlıqdan qalan uşaqlar idi. Yəni, məcburiyyət.

 Fasilədə yeni məşqçi Yunis Hüseynovun futbolçularına verdiyi tapışırıqlar da faydasız qaldı. Matçın ikinci hissəsində də meydanda qarşısı alınmaz “Qəbələ” görünürdü. Hücumlarını davam etdirən qəbələlilər elə ilk hücumdaca gəncəliləri 4-cü dəfə oyuna mərkəzdən başlamağa məcbur etdilər. Dabonun vurduğu 4-cü qol haqda isə danışmağa yox, izləməyə dəyərdi. Azarkeşlərinin üzünü heç cürə güldürə bilməyən Yunis Hüseynovun komandası buraxılan qollardan birinin əvəzini çıxmağı bacardı. Vitali Vernidubun İlkin Sadıqova qaydanı pozmasından sonra matçın baş hakimi Ömər Paşayev haqlı olaraq onbirmetrlik cərimə zərbəsini təyin etdi. Ötən həftə atası baş məşqçi postundan istefa verən  Kərim Diniyev penaltini dəqiq yerinə yetirdi. Bununla da yarımmüdafiəçi, cari mövsüm “Kəpəz”in heyətində vurduğu 4 qolla komandasının ən məhsuldar üzvünə çevrilməyi bacardı. Halbuki, onbirmetrlik cərimə zərbəsinə qədər də ev sahiblərinin qol vurmaq üçün bir neçə şansları vardı. Lakin “Kəpəz” futbolçuları hər bir vəziyyətdə peşəkar futbolçuya xas olmayan şəkildə qeyri-dəqiq zərbə ilə yadda qalırdı. Elə, 64-cü dəqiqədə qeydə alınan epizod kimi. Məhəmməd Qurbanov hesab arasındakı fərqi 2-yə endirmək üçün əla fürsət yaxalasa da, futbolçu 7 metrlik qapıda topu Bezatosnının üstünə vurdu. Əks hücuma çıxan “Qəbələ” isə cari mövsüm ərzində rəqib qapılarından ən çox – 25 qol keçirmələrinin təsadüfü olmadığını göstərdi. “Qəbələ” “şou”su 78-ci dəqiqədə başa çatdı. Kone ilə daha bir qol vuran və yekun – 1:6 hesabını müəyyənləşdirən qonaqlar I dövrədə evdə aldıqları 0:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxdı. Bununla da Roman Qriqorçukun yetirmələri Yunis Hüseynova “xoş gəldin” hədiyyəsi etdilər.

 Final fitindən sonra paltardəyişmə otağına yollanmaq üçün məşhur Gəncə tunelinə gedən “Kəpəz”in futbolçusu və bir qrup azarkeş arasında yaşananlar isə tam mənası ilə biabırçılıq oldu. Biabırçı məğlubiyyətə görə futbolçuları tənqid edən azarkeşlərə kapitan Şəhriyar Əliyev ədəbsis jest göstərərək, onları ağır şəkildə söyüb. Hətta məsələ, o yerə çatıb ki, sözügedən azarkeşlər Əliyevi “əzişdirmək” üçün çöldə gözləməyi qərar almışdı. Lakin bir başqa azarkeşlərin səyi nəticəsində ara sakitləşdirildi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43