Ölkə futbolu

“Qəbələ”nin Antalya planı nələrdən ibarətdir?

“Qəbələ”nin qış hazırlıq proqramı müəyyənləşib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının XVIII turunun “İnter”lə dekabrın 21-dəki oyunundan sonra istirahətə buraxılacaq.

İdmanxeber.com-un məlumatına görə, komanda 2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarına 2015-ci il yanvarın 5-də start verəcək. Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacaq. “Qəbələ”nin legionerləri birbaşa qonşu ölkəyə gələcəksə, yerli futbolçular Bakıda toplaşaraq səfərə yollanacaq. Əvvəlki təlim-məşq toplanışlarında olduğu kimi yenə “qırmızı-qaralar” bu dəfə də Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq. Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək. “Qəbələ” hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Bunlardan 3-ü 1-ci, 4-ü 2-ci mərhələdə baş tutacaq. Oyunların günləri və sınaqçı rəqiblərin tam siyahısı yaxın günlərdə dəqiqləşəcək. Antalya toplanışını başa vurub, Bakıya qayıdacaq komanda XIX turun qarşılaşmasına hazırlıqları paytaxtda tamamlayacaq.

Qeyd edək ki, “Qəbələ” 2015-ci ildə ilk rəsmi oyununu fevralın 1-də səfərdə “Bakı”ya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43