Ölkə futbolu

Qurban Qurbanov: “Bu məqamları böyütmək lazım deyil”

“Kiçik turnirdi, burda həddindən artıq diqqətli olmalıyıq. Sabah ən doğrusunu etməyə çalışacağıq”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdam klubu sabah “Slovan”ı qəbul edəcək. Matçdan öncə mətbuat konfransı keçirən ağdamlıların çalışdırıcısı maraqlı fikirlər səsləndirib.

 

O bildirib ki, sabahkı görüşdə yaxşı nəticə əldə etməklə, azarkeşləri sevindirməyə çalışacaqlar: “Rəqibimiz ciddidi. Bu il Avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə etməyə çalışacağıq”.

 

– Sabah AZAL-la oyundakı ilk “11-liy”i görəcəyik?

– Ola bilər ki, dəyişiklər olsun. Amma elə də ciddi dəyişiklik etməyəcəyik. Bir neçə dəyişiklik olacaq.

 

– Matçın baş tutacağı stadionun son durumu ilə maraqlanmısız?

– Dünən məşq keçdik. Yaxşıdı, pis deyildi.

 

– Stadion problemi komandaya necə təsir edə bilər?

– Bu məqamları böyütmək lazım deyil. Oyuna çox az vaxtımız qalıb. Stadion barədə düşünməyə vaxtımız yoxdu. Əlimizdə hansı şərait varsa, ondan düzgün yararlanmalıyıq.

 

– Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz?

– Çalışacağıq ki, öz düşüncələrimizi meydanda yerinə yetirək. Ola bilsin, meydanda çox mübarizə olsun. Rəqib belə komandadı, kombinasiyalı oyuna imkan vermir. Bir-iki qol vəziyyətləri olsa belə, ondan istifadə etməyə çalışacaqlar. “Qarabağ” olaraq, əlimizdə imkan varsa, ondan istifadə etməliyik.

 

– “Slovan”ın heyətində Milan Baroş kimi hücumçu var…

– Ona xüsusi diqqət ayrılacaq. Baroşun öz oyun üslubu var. Hücumun tamamlanması və davam etdirilməsində rolu böyükdü. Topa yaxşı nəzarət edir. Ondan topu almaq çətindi. Mənim düşüncəmdə hansısa futbolçuya qarşı tək müdafiəçini oynatmaq yoxdu. O, hansı zonada olsa, həmin mövqedə qərarlaşan futbolçumuz Baroşa imkan verməməlidi. Rəqibin digər oyunçuları ilə müqayisədə, Baroşa xüsusi diqqət ayrılacaq.

 

– Artıq 3-cü dəfə Avroliqanın qrup mərhələsində iştirak edəcəksiz. Əvvəlki həyəcan varmı?

– İdmanda təcrübə artdıqca həyəcan daim çoxalır. Təki həmişə bu səviyyədə qalaq. Həyəcan varsa, deməli, işimizdə məsuliyyətliyik. Avroliqadan əlavə, çempionat görüşlərində də bizdə həyəcan olur. Çünki avrokuboklara vəsiqə çempionatda qazanılır.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43