Kateqoriyasız

Qurban Qurbanov: “Qarşımızda yaxşı iş görmüş komanda var”

Misli Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” matçından (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Hər iki komandanın futbolçularını təbrik edirəm. Dinamik, baxımlı oyun oldu. Sadəcə qol çatışmadı. Çox razı qaldım. Belə oyunlar oyunçuların inkişafı üçün böyük təkandı. Futbolçularımın xarakterindən çox razı qaldım. Yorğun olsaq da, sona kimi dözdülər. Bu, mənim üçün çox önəmli idi.

– İlk dəfə idi ki, “Qarabağ”ı topsuz görürdük. Son dəqiqələrdə əsl “Qarabağ”ı gördük. Qələbə üçün nə çatmadı?

– Deyə bilmərəm ki, sırf nə çatmadı. Hər bir futbolçu, komanda eyni tempdə, eyni oyunu göstərə bilməz. Hardasa zəiflik, xətalar olmalıdır. Qarşımızda çox bacarıqlı komanda var idi. Həm fərdi, həm də kollektiv formada. İlk dəqiqələrdən rəqibin istəyi daha çox idi, daha aqressiv idilər. Top mərkəzdə çox qalmırdı. Rəqibi nəzərə almaq lazımdı. Qarşımızda çox yaxşı iş görülmüş komanda var idi. Bu cür oyunlara hazır olmalıyıq. Bu matçın gələcək oyunlara böyük faydası olacaq.

– “Qarabağ” bu oyuna qədər Avropada öz çempionatında xal itirməyən tək komanda idi. Bu cür statistikalarla maraqlanırsız?

– Məcburam maraqlanmağa. Özüm istəməsəm də, oxuyuram, bildirirlər. Amma mənə görə vacib olan qələbə üçün ən yaxşısını etməkdir. Biz bərabərə heç-heçə ediriksə, məğlub oluruqsa, yenə də qarşıdakı matça qələbə qazanmaq üçün oynayan komanda hazırlamaq istəyirik. Daha da uzun seriya ola bilərdi. Amma çempionluq istəyiriksə, hər an qələbə qazanmağa çalışmalıyıq.

– Dünya çempionatında favoritiniz hansı komandadır?

– İnanın ki, dünya çempionatına tam hazır deyiləm. Komandalarla maraqlanmamışam. Gedişatda baxacam. Amma bilirsiz ki, daha çox ispan futbolu xoşuma gəlir. Onların çıxışını izləyəcəm. Təəsssüf ki, favoritimi açıqlaya bilməyəcəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43