Ölkə futbolu

Rəşad Sadıqov: “Daha dəqiq və daha etibarlı oynamalıyıq”

“İlk növbədə rəqibi qələbə münasibətilə təbrik etmək istəyirəm. Azər Bağırov qısa müddət ərzində çox əzmkar, yaxşı komanda formalaşdırıb. Gələcək oyunlarda onlara uğurlar arzu edirəm. İlk hissə çox sönük keçdi. Rəqib pressinq edirdi, biz isə ondan çıxmağa çalışırdıq. Qapılar ağzında demək olar ki, hansısa təhlükəli epizod yaranmırdı. İkinci yarıya daha fəal başladıq, oyunumuzu daha da yaxşılaşdırdıq. 100 faizli qol epizodları olmasa da, uzaq məsafələrdən yaxşı zərbələrimiz var idi. Azca dəqiqlik çatmadı. Abdullah Rzayev hücuma qoşuldu və oyunçularımız birəbir mübarizələri uduzdu. Belə olan halda, uğurlu nəticədən söhbət gedə bilməz. Daha dəqiq və daha etibarlı oynamalıyıq. “Araz-Naxçıvan” əzmkar qələbə qazandı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Hücum xəttindəki problemlər bu günün problemi deyil. Mövsüm başlayandan bu problem açıq-aşkar hiss olunur. Hücumda keyfiyyətimiz çatmır. Hansısa futbolçunun oyunu öz üzərinə götürməsi də çatışmır. Səkkiz tur ərzində bir çox futbolçumuz nə qol vurub, nə məhsuldart ötürmə edib. Təbii ki, uğurlu nəticə əldə etmək istəyirsənsə, bunlar vacib məqamlardır. Belə olan halda, istər-istəməz uğurlu nəticədən danışmaq çox çətindir. Bu gün hücum xəttində passiv oynadıq. Təhlükəli vəziyyətlərimiz oldu, amma onlar daha çox standart vəziyyətlərdən idi. Oyunun özündən hansısa uğurlu hücum, təhlükəli vəziyyət haqda danışa bilmərik. Çoxsaylı yersiz top itkilərimiz oldu. Bu da sonda oyunun ümumi gedişatına təsir etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43