Ölkə futbolu

Ramin Musayev: “Neftçi” finala çıxsa Lənkərana getməyəcəyik”

AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb: 

“Ötən mövsüm uğurlu oldu. Finalçılar layiqli idilər. Nəyə qadir olduqlarını oyunları ilə göstərdilər. Bu dəfə də daha yaxşı olmasına çalışacağıq. Əlimizdən gələni edirik ki, hakimlər tərəfindən fərq qoyulmasın. Təbii ki, səhvlər olur. Səhv ola bilər, ancaq qərəz olmasın. Vacib odur ki, bilərəkdən kimisə layiq olduğu qələbədən məhrum etməyək. Püşkatma həmişə olduğu kimi 3 səbət üzrə bölünür. Bütün komandalara uğurlar arzulayıram.

– Kubokun finalı hansı stadionda keçiriləcək?

– Final oyununu bölgədə keçirmək istəyirik. Çox istərdik ki, final Lənkəranda keçirilsin. Ancaq “Xəzər-Lənkəran” olmadığına görə bəzi halları nəzərə almaq lazımdır. Ancaq “Neftçi” finala vəsiqə qazansa, orda keçirilməyəcək. Lənkəranda finalı azarkeşlərə hörmət əlaməti olaraq təşkil etmək istəyirik, 90 faiz ehtimalla bölgədə keçiriləcək.

– “Bakılı” – “Zaqatala” oyununda səslənən təhqirlərlə  bağlı məsələdə hər hansı tədbir görüləcəkmi?

– Həmin videoyazıları izləmişəm. “Bakılı” komandasının ilk qolu azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb. Azarkeşlər haqlı olsa da, olmasa da hakimi təhqir edirlər. Bu adam xəstədir. Xəstəyə fikir vermək lazım deyil. Hakim düzgün etməyib və buna görə cəzalandırılacaq. Klub rəhbərliyini dəvət edəcəyik. Xəbərdarlıq ediləcək. Sonra təkrərlanarsa lazımı addımlar atılacaq. 

– Kubokun sponsor məsələsi həll olunub?

– Yox. Özümüz sponsorluq edirik.

– “Mil-Muğan”a siz nəzarət edirsiniz və o kubokda iştirak etmir…

– “Mil-Muğan” mənim nəzarətimdə olan komandadır. Baş məşqçidən xahiş etmişəm ki, bizə nəticə lazım deyil, yaxşı futbolçu lazımdır.  Uğursuz başlanğıc hələ heç nə demək deyil. Çempionat qutarmayıb. Qarşıda limitlə bağlı dəyişikliklər olacaq. “Mil-Muğan” çempionatdan 10 gün əvvəl yaranıb. Düşəcək “Qəbələ” ilə, “Qəbələ”nin də insafı yoxdur. Məğlubiyyət pis təsir edəcək. Bu il hazır deyillər.

– “Kəpəz”in stadionu çox şəraitsizdir. Təmir edilməsi gözlənilirmi?

– “Kəpəz”in rəhbəri kimdir mən bilmirəm. Gəncə şəhər stadionunda olmamışam və olmaq fikrim də yoxdur. Gəlsinlər danışaq.

– I Divizionda gərgin mübarizə gedir. Canlı yayımlar olmur.

– Bəzi oyunları canlı yayımlamaq mümkün olur. Müəyyən şərtlər nəzərə alınmalıdır. Stadionun vəziyyəti, azarkeş sayı və amillər nəzərə alınmalıdır. CBC Sport heç bir ödəniş edilmədən hansı oyunu desək yayımlamağa hazırdır. 

– I dvizionda hakimlər kobud davranır. Azarkeşləri, futbolçuları təhqir edir. Bunların qarşısını almaq olmaz?

– Bizdə 3-4 ürəkli hakim var. Qalanları sakit öz işi ilə məşğul olur. Bəzi hallarda şəxsiyyətləri təhqir olunur deyə, “sonra danışarıq” deyirlər.  Hakimlərə tapşırmışıq ki, oyun vaxtı heç kimi eşitməsin. Oyundan sonra olanlara cavabdeh deyilik. Ancaq biz rus deyilik. Hakimin də şərəfi, namusu var. Hakimdi deyə söyülüb, təhqir edilməlidir? Onun ailəsi oyunu izləyə bilər. Hakim düz ola-ola da söyülür. Avroliqada Əliyar Ağayev Avroliqa oyununa 2-ci dəfə təyinat aldı. Buna sevinmək lazımdır. Hakimlərə də dəstək lazımdır. Hamı düşüb hakimlərin üstünə, bu düzgün deyil. Ancaq elə klublar var ki, Əliyar Ağayevin onların oyununa təyin etmirik. Avroliqada “Qəbələ”yə qarşı haqsızlıq olanda “Qəbələ” rəhbərliyinin səsi çıxmır. Bizim hakim ən kiçik səhvi edəndə dərhal sərt reaksiyalar verilir. Bu düzgün deyil. Səhvi demək lazımdır, ancaq düzgün formada.

– Azarkeşlər təhqir etsə, klub cəzalandırılır?

– Cəza var. Sadəcə onu fərqli formada təqdim edirik.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43