Kateqoriyasız

Rednikin gəlişi reallaşır: “Mənimlə tək “Xəzər Lənkəran” maraqlanmır”

“Mənimlə tək “Xəzər Lənkəran” maraqlanmır”. Bu sözləri apasport.az saytına açıqlamasında rumıniyalı baş məşqçi Mirça Rednik deyib.

Türkiyəli mütəxəssis Mustafa Dənizlinin müəmmalı gedişindən sonra cənub təmsilçisi yenidən Redniklə anlaşa bilər. 2010-2011 mövsümündə “ağ-yaşıllar”ın “sükanı arxası”nda olan 52 yaşlı məşqçi əməkdaşımızla söhbətində bildirib ki, hazırda işsiz olsa da, 4 komandadan təklif alıb: “Bunlar Rumıniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və təbii ki, sizin “Xəzər Lənkəran”dır. Etiraf edim ki, bu klubların hər biri ilə danışıqlar aparıram. Amma indidən hansı ölkədə çalışacağımı deyə bilməyəcəyəm”.

Rednik deyib ki, hansı klubun təklif cəlbedici olarsa, orda da çalışacaq: “Mən peşəkar məşqçiyəm, harda şərtlər daha yaxşıdırsa, təklif daha cəlbedicidirsə, həmin komandaya üstünlük verəcəyəm. Lənkəranlı azarkeşlərin məni istəməsindən xəbərdaram. Amma indi konkret nəsə deməyim düzgün olmaz. Buna səbəb isə hələlik danışıqların başa çatmamasıdır. Yəqin ki, yaxın günlərdə danışıqlar yekunlaşacaq və həmin vaxt istənilən suallarınızı canla-başla cavablandıracağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43